Amazon şirkəti çatdırılma prosesini asanlaşdırmaq üçün kuryerləri üçün xüsusi olaraq hazırlanmış "Amelia" süni intellektlə işləyən "ağıllı" eynəyin prototipini nümayiş etdirib.
"Amelia" eynəkləri Amazon kuryerlərinə furqonun içində lazımi bağlamaları tapmaqda, müştərinin evinə və ya mənzilinə addım-addım marşrut göstərməkdə və çatdırılmanı təsdiqləmək üçün fotoşəkil çəkməkdə köməklik edəcək. The Verge-nin məlumatına görə, eynəklər dəyişdirilə bilən akkumulyator və təcili yardım çağırmaq üçün düymənin quraşdırıldığı xüsusi jiletə qoşulacaq. Həmçinin, eynəklərdə günəşdə qaralan və kölgədə şəffaf olan fotoxrom linzalar quraşdırılıb.
Amazon cihazın istifadəyə verilmə müddətini açıqlamasa da, Şimali Amerikada "yüzlərlə" kuryerin artıq "ağıllı" eynəyi sınaqdan keçirdiyini bildirib. Şirkət, "Amelia"nın tam istifadəyə verilməzdən əvvəl ona real vaxt rejimində səhvlərin aşkarlanması kimi əlavə Sİ funksiyaları əlavə etməyi planlaşdırır; məsələn, kuryer bağlamanı səhv ünvanda qoysa, eynək onu xəbərdar edəcək.
Qeyd edək ki, "ağıllı" eynək layihəsi haqqında ilk dəfə 2024-cü ilin noyabrında Reuters yazmışdı. Həmin vaxt, yüngül və bütün iş növbəsində işləyə bilən akkumulyatorun yaradılması, habelə ətraflı marşrutlar üçün hər ev haqqında məlumat toplanması ilə bağlı çətinliklərə görə, cihazın hazırlanmasının "illər" çəkə biləcəyi proqnozlaşdırılırdı.