WhatsApp-ın "Kanallar" adlı yeni funksiyası ölkəmizdəki istifadəçilər üçün əlçatan olub. İyunun 8-də təqdim edilən bu funksiya istifadəçilərə insanlardan və şirkətlərdən birtərəfli yeniləmələr almağa imkan verir.
Kanallar funksiyası istifadəçilərə mətn, fotoşəkillər, videolar və sorğular kimi məzmunu dərc etməyə imkan verir. Paylaşılan məzmunlar "Yeniləmələr" bölməsində yerləşəcək. “WhatsApp” həmçinin istifadəçilərin izləyə biləcəkləri kanalları asanlıqla tapa bilməsi üçün axtarış kataloqu yaradıb. Bundan əlavə, administratorlar 30 günə qədər göndərdikləri məzmunlarda dəyişiklik edə biləcəklər. Bu yeni funksiya sayəsində indiyə qədər Instagram-da gördüyümüz kanallar WhatsApp-da da görünməyə başlayacaq.
Çatlarda, e-poçt və ya onlayn paylaşılan dəvət linkləri vasitəsilə də müəyyən kanallara daxil olmaq mümkündür. Onu da əlavə edək ki, funksiya hazırda hər kəs üçün əlçatan olmasa da, qısa zamanda bütün istifadəçilər üçün əlçatan olacaq.
WhatsApp bu funksiyada məxfiliyə də üstünlük verir. Burada məqsəd kanallardakı həm idarəçilərin, həm də izləyicilərin şəxsi məlumatlarını qorumaqdır. Kanal menecerlərinin telefon nömrələri və profil şəkilləri kimi məlumatları izləyicilərə göstərilmədiyi kimi, kanalı izləyən istifadəçilərin telefon nömrələri menecer və ya digər izləyicilərə göstərilmir. Eynilə istifadəçilərin kimləri izlədiyi də gizli saxlanılır.