WhatsApp iOS və Android istifadəçiləri üçün qrup söhbətlərində iştirakçı sayını 1 024 nəfərdən 1 500 nəfərə yüksəldən yeniləməni mərhələli şəkildə təqdim etməyə başlayıb.
Yeni dəyişikliklə qrup administratorları mövcud söhbətlərinə əlavə olaraq 476 nəfər dəvət edə biləcəklər. Tutum artımı avtomatik tətbiq olunacağı üçün administratorların hər hansı əlavə əməliyyat etməsinə ehtiyac qalmayacaq.
WABetaInfo tərəfindən aşkarlanan yenilik mərhələli şəkildə yayıldığından bütün istifadəçilər bu funksiyaya eyni vaxtda çıxış əldə etməyəcəklər.
WhatsApp bu dəyişikliklə qrup söhbətlərinin idarə edilməsini asanlaşdırmağa yönəlmiş yeniliklərini davam etdirir. Şirkət qısa müddət əvvəl mesajları müddətsiz sabitləmək, qrup daxilində status paylaşmaq, söhbətləri filtrləmək və yeni üzvlərə əvvəlki mesajları göstərmək kimi funksiyaları da elan etmişdi.
