WhatsApp messenceri tətbiqin fərdiləşdirilməsi üçün yeni ödənişli abunə xidməti hazırlayır. Bu barədə WABetaInfo məlumat yayıb. Bildirilir ki, abunə məcburi olmayacaq və messencerin əsas funksiyaları əvvəlki kimi pulsuz qalacaq.
Məlumata görə, yeni xidmət WhatsApp Plus adlanacaq və həm Android, həm də iOS tətbiqləri üçün nəzərdə tutulur. Hazırda tarif hələ inkişaf mərhələsindədir. Abunənin qiyməti və rəsmi təqdimat tarixi isə hələ açıqlanmayıb.
WhatsApp Plus istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirməyə imkan verə bilər. Məsələn, istifadəçilər tətbiqin ikonunu dəyişə, interfeys elementlərinin rənglərini fərqli şəkildə tənzimləyə biləcəklər.
Bundan əlavə, yeni abunə çərçivəsində istifadəçilər standart 3 chat əvəzinə 20-yə qədər söhbəti pin (sabitləmə) etmə imkanına sahib ola bilərlər.
Məlumata əsasən, abunə paketinə bildirişləri fərdiləşdirmək üçün eksklüziv zəng səsləri, həmçinin xüsusi stiker paketləri və digər əlavə funksiyalar da daxil ola bilər.
Qeyd olunur ki, Meta Platforms hazırda WhatsApp-dan əsasən reklam vasitəsilə gəlir əldə edir. Bundan əlavə, biznes hesabları üçün Meta Verified adlı ödənişli təsdiqləmə xidməti də mövcuddur.
Eyni zamanda, Android Authority 2026-cı ilin yanvarında Android üçün beta versiyada kanallar və “statuslar” bölməsində yerləşdirilən reklamları deaktiv etməyə imkan verən ödənişli abunə ilə bağlı qeyd aşkar edib.
