Az | EN

X real insanların açıq-saçıq görüntülərinin yaradılmasını blokladı

Cəmil Hüseynzadə
15 Yanvar 2026 11:20
42 baxış
X real insanların açıq-saçıq görüntülərinin yaradılmasını blokladı

X sosial şəbəkəsi Grok hesabı vasitəsilə real insanların açıq-saçıq görüntülərinin yaradılmasına bütün istifadəçilər üçün məhdudiyyət tətbiq edib. Bu qərar Kaliforniya hakimiyyətinin sosial şəbəkə barəsində araşdırmaya başladığını açıqlamasından sonra verilib.

Şirkət bildirib ki, Grok vasitəsilə real insanların açıq geyimdə və ya erotik görüntülərinin yaradılmasını məhdudlaşdıran “texniki tədbirlər” tətbiq olunub. Məhdudiyyətlər ödənişli abunəçilərə də şamil edilir. Bundan əlavə, Grok tətbiqi üzərindən açıq-saçıq görüntülərin yaradılması bu cür fəaliyyətin qanunsuz olduğu yurisdiksiyalarda tam bloklanmağa başlanıb.

X qaydaların dəyişdirildiyini Kaliforniya hakimiyyətinin sosial şəbəkəyə qarşı araşdırma başlatmasından sonra açıqlayıb. Araşdırmaya səbəb real insanların, o cümlədən yetkinlik yaşına çatmayanların razılığı olmadan seksual xarakterli görüntülərinin yaradılması olub.

Xatırladaq ki, 2025-ci ilin dekabrında xAI Grok çat-botunda şəkil redaktəetmə funksiyasını yeniləmişdi. Eyni zamanda X lentdəki paylaşımlar üçün pulsuz süni intellekt əsaslı şəkil redaktorunu istifadəyə vermişdi. Yaradılan görüntülər ilkin paylaşımın şərhlərində əks olunurdu.

2026-cı ilin yanvarında media istifadəçilərin bu funksiyadan sui-istifadə edərək real insanların fotoları əsasında kütləvi şəkildə açıq-saçıq görüntülər yaratdığını yazdı. Bundan sonra Grok çat-botuna giriş Malayziya və İndoneziyada bloklandı. Tənqidlər fonunda X paylaşımların altında @grok qeyd etməklə şəkil redaktəetmə imkanını yalnız ödənişli abunəçilər üçün əlçatan etdi.

Buna baxmayaraq, Böyük Britaniyanın tənzimləyici qurumu Ofcom hökumətin tələbi ilə X barəsində araşdırmaya başlayıb. Qayda pozuntuları aşkar edilərsə, sosial şəbəkəni ölkədə bloklanma təhlükəsi gözləyə bilər.

© copyright 2022 | tech.az | info@tech.az