Az | EN

Y Combinator startapı TikTok reklamı ilə milyonlarla istifadəçiyə çatdı

Nigar Sultanli
25 İyul 2025 11:04
172 baxış
Y Combinator startapı TikTok reklamı ilə milyonlarla istifadəçiyə çatdı

Startap dünyasında yeni uğur hekayəsi TikTok-dan başladı. Y Combinator-un 2024 Qış proqramında iştirak edən “BiteSight” yemək çatdırılma tətbiqi, istifadəçilərə sifariş verməzdən əvvəl yeməklərin videolarını izləməyə imkan verir və dostlarının hansı restoranlardan nə sifariş etdiyini görmək imkanı yaradır. Bu yenilikçi yanaşma tətbiqin gənc istifadəçilər arasında sürətlə populyarlaşmasına səbəb oldu.

Tətbiqin qurucularından biri, 24 yaşlı Lucious McDaniel IV və bacısı Kendall sadə, lakin kreativ bir internet trendindən istifadə edərək TikTok-da video paylaşdılar. Videoda Kendall izləyiciləri “diqqətli olmağa” çağırır və kameranı qardaşı Lucious-a ötürür. Lucious isə öz məhsulunu – BiteSight-ı tanıdır. Cəmi 15 dəqiqə ərzində video 20,000 baxış aldı və sürətlə viral oldu.

McDaniel qeyd edib ki, sürətli artım səbəbindən tətbiqdə texniki problemlər yaşanmağa başladı. Komanda gecə-gündüz işləyərək sistemi sabit saxlamağa çalışdı. Maraqlısı odur ki, McDaniel bu prosesi də TikTok-da paylaşaraq istifadəçilərin diqqətini cəlb etməyə davam etdi. Onun "startapın bir gecədə partlaması" mövzusunda çəkdiyi videolar da yüz minlərlə insan tərəfindən maraqla qarşılandı.

Tətbiq, TikTok-da 4 milyon, Instagram-da isə 250 min bəyənmə qazandı. Bu, gənc sahibkarların TikTok və Reels vasitəsilə bazar qazanması və investisiya marağı yaratması tendensiyasına parlaq bir nümunə oldu.

McDaniel fikrini belə izah edir: “Ənənəvi tətbiqlərdə eyni görünüşlü restoranlar, eyni reytinqlərlə təqdim olunur. Amma əslində biz yemək axtarışını sosial şəbəkələrdən, dost tövsiyələrindən və videolardan edirik. Elə biz də bu təcrübəni real bir tətbiqə çevirmək istədik.”

Komanda üzvü və texniki rəhbər (CTO) olan 25 yaşlı Zac Schulwolf ilə birlikdə bir il ərzində tətbiqi hazırladılar. 2024-cü ilin aprelində NYU ətrafında lokal beta sınağı keçirildi. Mayda ilkin versiya istifadəyə verildi və iyunda isə viral video ilə böyük auditoriyaya çatdı.

Uğurlu video sonrası BiteSight App Store-un "Food & Beverage" kateqoriyasında Uber Eats, Starbucks və McDonald's kimi nəhəngləri geridə qoyaraq 2-ci yerə yüksəldi. Tətbiq 100,000-dən çox yeni istifadəçi qazandı və hal-hazırda yalnız Nyu-Yorkda aktiv olsa da, digər şəhərlərdə də istifadəçilər tətbiqin genişlənməsini səbirsizliklə gözləyir.

Restoranlar – həm kiçik ailə biznesləri, həm də iri şəbəkələr – BiteSight ilə əməkdaşlıq etmək üçün şirkətlə əlaqə saxlayırlar. İnvestorlardan da güclü maraq var, lakin McDaniel hələlik maliyyələşmə ilə bağlı konkret rəqəmləri açıqlamır.

O, rəqabətdə DoorDash və Uber Eats kimi iri oyunçularla mübarizədə bir üstünlüyünə də diqqət çəkir: “Biz süni intellekt alətlərindən istifadə edərək az sayda insanla daha çox iş görə bilirik. Bu, bizim üçün həm qənaət, həm də daha çevik inkişaf deməkdir. Əlavə xərclər olmadan, həm kiçik bizneslərə, həm də son istifadəçiyə daha sərfəli və şəffaf xidmət göstərə bilirik.”

BiteSight hazırda yalnız yemək və qısa videolar üzərində fokuslanaraq sosial tövsiyələr və vizual təqdimat vasitəsilə yeni nəsil istifadəçilərə xitab edir.

McDaniel-in sözləri ilə desək: “Biz bu nəsil üçün hazırlanmış, onların yemək kəşf etmə tərzinə uyğun tətbiq olmaq istəyirik.”

© copyright 2022 | tech.az | info@tech.az