Yandex şirkəti böyük həcmli məlumatlarla işləyən mütəxəssislər üçün nəzərdə tutulan “Neyroanalitika” süni intellekt (Sİ) köməkçisini təqdim edib. Bu alət cədvəllər və qrafiklər əsasında nəticələr çıxarmaq və vizuallaşdırılmış analizlər hazırlamaq bacarığı ilə seçilir.
Şirkətin məlumatına görə, “Neyroanalitika” Yandex DataLens analitik platformasının interfeysinə çat formatında inteqrasiya olunacaq. Alət Yandex B2B Tech komandası tərəfindən hazırlanıb və onun ilk versiyası 2025-ci ilin sentyabrında xarici şirkətlər üçün əlçatan olacaq. Hal-hazırda isə istifadə üçün gözləmə siyahısına yazılmaq mümkündür.
Yeni süni intellekt aləti artıq “Yandex” daxilində test edilir. Məsələn, Yandex.Eda komandası bu alətdən kuryer qeydiyyat funnel analizində, Yandex Cloud isə hesabatlardan nəticələr çıxarmaq üçün istifadə edir.
“Neyroanalitika” aşağıdakı əsas funksiyaları yerinə yetirə bilir:
- Məlumatların vizuallaşdırılması və həmin vizual görüntülərin redaktəsi;
- Cədvəllər və qrafiklər əsasında analitik nəticələrin çıxarılması;
- Qiymətli məlumatların — insaytların aşkar edilməsi;
- İstifadəçinin sadə və təbii dildə verdiyi sorğular əsasında qrafiklərin və formulaların dəyişdirilməsi.
Yandex hesab edir ki, bu süni intellekt köməkçisi şirkətlərdə analitiklərin iş yükünü azaldacaq, hesabatların hazırlanmasını sürətləndirəcək və biznes hipotezlərinin yoxlanmasını daha effektiv edəcək. Alət təkcə analitiklər üçün deyil, həm də məhsul menecerləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, marketoloqlar və böyük məlumatlarla işləyən digər peşə sahibləri üçün də faydalı olacaq.