Az | EN

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

Nigar Sultanli
21 Oktyabr 2025 12:54
138 baxış
“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, “AccessBank” QSC-nin təşkilatçılığı və “Visa”nın dəstəyi ilə növbəti dəfə “Bizdən biznesə” startap müsabiqəsinə start verilib. 

Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. 

Artıq ikinci dəfədir keçiriləcək layihənin məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara maliyyə və mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. “Bizdən biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar açmağı hədəfləyir. 

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

15 oktyabr – 15 noyabr 2025 – Müraciətlərin qəbulu 

17–23 noyabr 2025 – 20 uyğun biznes layihəsinin seçilməsi

24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi

2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq

22 dekabr 2025 – Qaliblərin mükafatlandırılması mərasimi

Müsabiqənin qalibləri Münsiflər Heyəti tərəfindən seçiləcəkdir. Ümumi mükafat fondu 75 000 AZN təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 000 AZN, II yerin qalibi 20 000 AZN, III yerin qalibi isə 15 000 AZN məbləğində mükafat əldə edəcək. Bundan əlavə, “Visa” tərəfindən seçilən xüsusi layihəyə də 15 000 AZN məbləğində əlavə mükafat təqdim olunacaqdır.

Qeyd edək ki, ötən il baş tutan “Bizdən biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketilə həyata keçirilir.

Müraciət üçün linkə keçid edin

© copyright 2022 | tech.az | info@tech.az