Az | EN

Yandex Türkiyə bazarına 400 milyon dollar investisiya edir

Cəmil Hüseynzadə
17 Oktyabr 2024 18:20
55 baxış
Yandex Türkiyə bazarına 400 milyon dollar investisiya edir

Yandex Axtarış Türkiyə CEO-su Aleksandr Popovskiy: "Qarşıdakı üç il ərzində Türkiyədə informasiya texnologiyaları məhsulları inkişaf etdirmək üçün 400 milyon dollardan çox sərmayə yatırmağı və yüzlərlə insanı işlə təmin etməyi planlaşdırırıq."

Yandex, informasiya texnologiyaları məhsullarını yerli bazara uyğunlaşdırmaq və Türkiyədəki mövqeyini genişləndirmək məqsədilə 400 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Şirkət tərəfindən verilən açıqlamaya görə, Rusiya mərkəzli çoxmillətli texnologiya brendi Yandex, Türkiyənin rəqəmsal bazarındakı mövqeyini gücləndirmək, yerli bazara uyğun məhsul və xidmətlər hazırlayaraq uzunmüddətli, etibarlı tərəfdaş olduğunu sübut etmək niyyətindədir.

Açıqlamada Yandex Axtarış Türkiyə İcraçı Direktoru (CEO) Aleksandr Popovskiyin fikirlərinə yer verilib. O, Türkiyənin rəqəmsal potensialına böyük inam bəslədiklərini vurğulayaraq, "Qarşıdakı üç il ərzində Türkiyədə informasiya texnologiyaları məhsulları inkişaf etdirmək üçün 400 milyon dollardan çox sərmayə yatırmağı və yüzlərlə insanı işlə təmin etməyi planlaşdırırıq," deyib.

Popovskiy, Yandex-in Türkiyədə daimi iş əlaqələri qurmağa sadiq olduğunu və yaxın zamanda Türkiyə üçün xüsusi olaraq hazırlanmış bir sıra məhsulların bazara çıxarılacağını qeyd edib.

Popovskiy əlavə edib: "Məqsədimiz Türkiyəyə dəyər qatmaq və əvvəlki illərdə yerli bazarda qazandığımız uğurları daha da artırmaqdır. Bu yanaşma ilə Türkiyədəki istifadəçilərin xüsusi ehtiyaclarına cavab verən hiper-yerləşdirilmiş məhsullar hazırlamağa yönəlmişik. Qısa müddət ərzində Türkiyə üçün xüsusi hazırlanmış süni intellekt dəstəkləyən axtarış məhsulumuzu və tamamilə yerli xidmətlərimizin tanıtımını edəcəyik."

Yandex-in qlobal oyunçularla rəqabət yanaşmasının yerli dil, mədəniyyət və yerli istifadəçilərin tələblərinə böyük önəm verdiyini qeyd edən Popovskiy, bir çox qlobal şirkətin "hamıya uyğun bir ölçü" yanaşmasını tətbiq etdiyini, Yandex-in isə "yerli ol" fəlsəfəsini qəbul etdiyini vurğulayıb.

"Türkiyə iqtisadiyyatı inkişaf etməyə davam edir"
Popovskiy Türkiyənin texnologiya sektorunda daha çox rəqabəti təşviq etmə istiqamətində əldə etdiyi irəliləyişdən məmnunluğunu bildirib: "Türkiyə iqtisadiyyatı çətinliklərə baxmayaraq, böyüməyə və inkişaf etməyə davam edir. Dünyada ən yüksək internet istifadə nisbətlərindən birinə sahib olan Türkiyə, innovasiya üçün münbit zəmin yaradır və biz də Türkiyənin rəqəmsal mühitinə töhfə verməyi hədəfləyirik."

Aleksandr Popovskiy, texnologiya bazarı və rəqəmsal iqtisadiyyat, həmçinin müəssisələr və daha yaxşı, innovativ məhsullar əldə edən son istifadəçilər üçün faydalı "sağlam rəqabəti" təşviq etmək üçün Türkiyə hökumətinin göstərdiyi qətiyyətdən razı qaldıqlarını bildirib.

Popovskiy, naviqasiya xidmətlərinə yerli şəhərlərə aid məlumatlar da daxil olmaqla yeni funksiyalar əlavə edərək Türkiyədəki istifadəçi təcrübəsini daha da yaxşılaşdırmağı planlaşdırdıqlarını qeyd edib.

Popovskiy, Yandex-in Türk müəssisələrini dəstəkləmək roluna toxunaraq: "B2B həllərimizin yerli müəssisələrin böyüməsinə kömək etməsindən məmnunuq. Bu xidmətlərə artıq geniş tanınmış rəqəmsal reklam məhsullarımızla yanaşı, yaxın zamanda təqdim olunan Yandex Xəritələr API də daxildir. Bu xidmətlər 300-dən çox Türkiyə şirkətinə xidmət göstərir," ifadələrini işlədib.

© copyright 2022 | tech.az | info@tech.az