Azərbaycan ərazisində bu günə qədər 108.631 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Bu barədə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu barədə məlumat yayıb. Xidmətin hesabatında vurğulanır ki, yeni nəsil NKA-ların istifadəsi hesablaşmaların şəffaflığını artırmağa, habelə qanunsuz mal dövriyyəsinin qarşısını almağa və ümumi dövriyyəyə nəzarəti gücləndirməyə imkan verir.
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyənin həcmində əhəmiyyətli artım müşahidə olunub. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yəni 12,7 faiz çoxdur.
Məlumatlara əsasən, 2025-ci il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlinə nisbətən 3,8 faiz artaraq 837,8 minə çatıb. Eyni zamanda, aktiv ƏDV ödəyicilərinin sayı 7,7 faiz artaraq 56,9 min olub. Qeyd olunan tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı da 5,1 faiz artaraq 228,5 min təşkil edib.