OpenAI məşhur musiqi tanıma xidməti Shazam-ı ChatGPT daxilində mini-tətbiq kimi istifadəyə verib. Yeni funksiya istifadəçilərə çatbot vasitəsilə səslənən musiqini tanımağa imkan verir.
İstifadəçilər çatda və ya səsli şəkildə “Shazam, hansı mahnı səslənir?” kimi sorğu göndərə bilərlər. Bundan sonra sistem mikrofonu aktivləşdirməyi təklif edir və səslənən musiqini müəyyənləşdirir. Mini-tətbiqi çat daxilində @Shazam vasitəsilə də açmaq mümkündür.
Xidmətdən istifadə etmək üçün Shazam hesabı tələb olunmur. Lakin tanınan mahnını şəxsi kitabxanada saxlamaq üçün hesabı qoşmaq lazımdır. Funksiya ChatGPT-nin veb versiyasında və iOS və Android tətbiqlərində bütün istifadəçilər, o cümlədən pulsuz istifadəçilər üçün əlçatandır.
OpenAI 2025-ci ilin oktyabrında ChatGPT-yə mini-tətbiqlər əlavə edib. Platformada artıq Booking.com, Adobe, Canva, Coursera və Spotify kimi xidmətlərlə inteqrasiya mövcuddur.
2025-ci ilin dekabrında isə istifadəçilərə Apple Music hesabını ChatGPT-yə bağlamaq imkanı verilib. Hazırda çatbot daxilində musiqini tam dinləmək mümkün deyil, lakin istifadəçilər mətn sorğuları ilə mahnı, albom və ifaçıları tapa və pleylistlər yarada bilirlər.
