YouTube platformaya yenilik gətirərək istifadəçilərə oyun təcrübəsi təklif etmək istəyir. Mediaya bəlli olan yeni hesabatda şirkətin onlayn oyun xidmətlərini sınaqdan keçirdiyi bildirilib. Bu funksiya Google əməkdaşlarına göndərilən yeni e-poçtda sızdırılıb. Playables adlı alət sayəsində bəzi oyunları YouTube-da sınaqdan keçirmək mümkün olacaq.
Hələ inkişaf mərhələsində olan funksiyanın hazırda Stack Bounce arcade oyununu dəstəklədiyi bildirilir. Bundan əlavə, YouTube-da Playables funksiyasının necə işləyəcəyi hələlik bəlli deyil. Ancaq e-poçt çərçivəsində paylaşılan detallara görə ilk mərhələdə kiçik həcmli oyunlar təqdim ediləcək. Testçilər bu oyunlara YouTube saytından və ya tətbiqindən daxil ola biləcəklər.
Bir müddət əvvəl YouTube-un baş direktoru Neal Mohan etiraf etmişdi ki, platformada reklam xərcləri azalıb. YouTube-un oyun auditoriyasını nəzərə alsaq, bu sahədə platformanın genişləndirilməsi məntiqli görünür.
Bununla belə, bəzi məşhur oyunların demoları gələcəkdə YouTube-da oynanıla bilər. Bəzi şayiələr hətta böyük büdcəli oyunların bulud dəstəyi sayəsində sınaqdan keçirilə biləcəyini də iddia edirlər.
Qeyd edək ki, Playables funksiyası hazırda sınaq mərhələsindədir və Google əməkdaşları üçün əlçatandır.