Araşdırmalara görə, YouTube platformasında yayımlanan videoların 20 faizdən çoxu aşağı keyfiyyətli, süni intellekt (Sİ) tərəfindən yaradılmış məzmundan ibarətdir. Platformada yalnız belə videolar yükləyən, milyonlarla abunəçisi və milyardlarla baxışı olan kanallar mövcuddur.
Video montajı ilə məşğul olan Kapwing şirkətinin əməkdaşları bu mövzu ilə bağlı araşdırma aparıblar. Onlar sıfırdan yeni YouTube hesabı yaradaraq Shorts lentində qarşılarına çıxan ilk 500 videonu analiz ediblər. Nəticədə 104 video (21 faiz) aşağı keyfiyyətli Sİ məzmunu, 165 video (33 faiz) isə “beyin yorucu” (brainrot) kontent kimi qiymətləndirilib.
Bundan əlavə, tədqiqatçılar yalnız Sİ videoları istehsal edən iri kanallar barədə məlumat toplayıblar. Bu tip kanalların ən çox abunəçi topladığı ölkə İspaniya olub — 22,2 milyon abunəçi. Baxış sayına görə isə Cənubi Koreya ön plandadır — 8,45 milyard baxış. Ayrı-ayrılıqda ən çox baxışa malik kanal isə Hindistana məxsus Bandar Apna Dost olub — 2,07 milyard baxış. Hesabatda kanalın illik gəlirinin 4,2 milyon dolları keçdiyi qeyd olunur.
Mütəxəssislərin fikrincə, yeni istifadəçilərin qısa müddətdə Sİ mənşəli aşağı keyfiyyətli kontentlə qarşılaşması olduqca asandır. Bunun səbəbinin YouTube alqoritmlərinin bu tip videoları önə çıxarması və ya sadəcə çox baxılması olduğu hələlik dəqiq məlum deyil.
