YouTube süni intellekt (Sİ) texnologiyasından istifadə edərək 1080p-dən aşağı keyfiyyətli videoların avtomatik şəkildə yaxşılaşdırılacağını elan edib.
Yeni funksiya sayəsində platformaya 240p–720p arasında olan videolar ağıllı şəkildə miqyaslandırılaraq daha aydın və detallı görüntü keyfiyyətinə sahib olacaq. Gələcəkdə isə YouTube Sİ vasitəsilə 4K keyfiyyətə qədər yüksəltmə (upscale) funksiyasını da təqdim etməyi planlaşdırır.
YouTube-un nümayəndəsi Veronika Navarrete “The Verge” nəşrinə bildirib ki, bu funksiya yalnız aşağı orijinal keyfiyyətli videolara tətbiq ediləcək və Full HD formatda yüklənmiş kontentə təsir etməyəcək.
Platforma istifadəçilərə və müəlliflərə avtomatik yaxşılaşdırmadan imtina etmək imkanı da təqdim edəcək. Şirkət vurğulayıb ki, orijinal fayllar dəyişdirilməyəcək, sadəcə baxış zamanı orijinal və yaxşılaşdırılmış versiya arasında seçim imkanı olacaq.
Bu yanaşma, əvvəllər müəlliflərin “YouTube-un avtomatik tətbiq etdiyi keyfiyyət dəyişikliklərindən” narazı qalmasının qarşısını almağa yönəlib.
Qeyd edək ki, bənzər Sİ əsaslı miqyaslandırma texnologiyaları artıq bir çox televizor və media cihazlarında, o cümlədən Nvidia Shield TV-də tətbiq olunur. Lakin YouTube-un fərqi ondadır ki, istifadəçi istəsə bu funksiyanı deaktiv edə biləcək.
