Xiaomi şirkətinin flaqman smartfonları artıq Apple-ın AirDrop texnologiyası ilə fayl mübadiləsini dəstəkləyir. Bu barədə 9to5Google məlumat yayıb.
Şirkətin açıqlamasına görə, yeni funksiya Android 16 əsaslı HyperOS 3 əməliyyat sisteminə inteqrasiya olunub. Hazırda bu imkan rəsmi olaraq Xiaomi 17T Pro modelində təqdim edilir. Digər Xiaomi cihazlarında isə dəstəyin olub-olmaması onların texniki imkanlarından asılı olacaq.
Android 16-da Quick Share sisteminə AirDrop uyğunluğunun əlavə edilməsi platformalararası fayl paylaşımında mühüm yenilik hesab olunur. Fayl ötürülməsi üçün iPhone istifadəçiləri AirDrop-un “Hamı üçün – 10 dəqiqə” görünmə rejimini aktiv etməlidirlər. Bu ayar Android və iPhone cihazları arasında etibarlı məlumat mübadiləsini təmin edir.
Qeyd edək ki, AirDrop ilə uyğun paylaşım funksiyası daha əvvəl Samsung və Google cihazlarında da istifadəyə verilmişdi. Son vaxtlar bu texnologiya Oppo Find X9 Ultra və Vivo X300 Ultra smartfonlarına da əlavə olunub.
Quick Share imkanlarının genişləndirilməsi ilk dəfə ötən ilin dekabr ayında elan edilmişdi.
