2025-ci ildə dünya üzrə şirkət və təşkilatlar sənaye və peşəkar məqsədlər üçün təxminən 7 min humanoid robot alıb.
Beynəlxalq Robototexnika Federasiyasının (IFR) məlumatına görə, bu rəqəm texnologiyaya yatırılan milyardlarla dollar investisiya fonunda hələ də kiçik göstəricidir. Müqayisə üçün, yalnız 2024-cü ildə dünyada təxminən 542 min sənaye robotu quraşdırılıb, xidmət robotlarının satışı isə 199 min ədəd təşkil edib.
IFR humanoid robotu insanabənzər görünüşə malik və insanlar üçün nəzərdə tutulmuş mühitdə avtonom işləyə bilən robot kimi müəyyənləşdirir. Robotun ayaqlarının olması isə məcburi deyil.
Federasiyanın məlumatına görə, 2025-ci ildə satılan humanoid robotların bir çoxu hələ birbaşa istehsalatda istifadə edilməyib. Onlar əsasən tədqiqat mərkəzləri və şirkətlər tərəfindən təcrübələr, məlumat toplama və süni intellekt sistemlərinin təlimi üçün alınıb.
IFR-in 2025-ci il üzrə sənaye və xidmət robotlarına dair tam statistikasının sentyabrın 24-də açıqlanması gözlənilir.
