Az | EN

2025-ci ilin sözü seçildi - “Vibe coding”

Cəmil Hüseynzadə
09 Noyabr 2025 19:49
56 baxış
2025-ci ilin sözü seçildi - “Vibe coding”

Britaniyada nəşr olunan Collins English Dictionary 2025-ci ilin “İlin sözü” kimi “vibe coding” ifadəsini seçib. Bu termin süni intellekt (AI) öncüllərindən olan Andrej Karpathy tərəfindən irəli sürülüb və süni intellekt vasitəsilə tətbiq yaratma prosesini təsvir edir.

“Vibe coding” dedikdə, təbii dilin köməyi ilə süni intellektin proqramlaşdırmada istifadə olunması, yəni “proqram kodunu özün yazmaq əvəzinə, sadəcə olaraq, istədiyini maşına demək” nəzərdə tutulur. Collins-in tərifinə görə, bu anlayış “kompüter kodunun yazılmasında təbii dil vasitəsilə yönləndirilən süni intellektdən istifadə” deməkdir.

Karpathy, Tesla-nın keçmiş süni intellekt direktoru və OpenAI-nin qurucu mühəndislərindən biri olaraq, bu termini proqramlaşdırma prosesində “kodu tamamilə unutmaq mümkün olan” yeni bir yanaşmanı təsvir etmək üçün yaradıb.

Collins lüğətinin leksikoqrafları hər il 24 milyard sözlük “Collins Corpus” verilənlər bazası üzərində aparılan müşahidələr əsasında yeni və diqqətçəkən sözlərin siyahısını hazırlayırlar.

Lüğətin icraçı direktoru Alex Beecroft açıqlamasında bildirib ki, “‘vibe coding’ sözünün ilin sözü seçilməsi, dilin texnologiya ilə birlikdə necə dəyişdiyini mükəmməl əks etdirir. Bu, proqramlaşdırma sahəsində böyük bir dönüşdür – süni intellekt kodlaşdırmanı daha əlçatan edir və insan yaradıcılığı ilə maşın zəkasının təbii dil vasitəsilə birləşməsini simvolizə edir.”

Bu ilki siyahıya texnologiya ilə bağlı digər terminlər də daxil edilib. Məsələn, “clanker” – britaniya ingiliscəsində “robot” və ya “AI qurğusu” üçün mənfi mənada işlədilən bir ifadədir və “Ulduz müharibələri: Klon müharibələri” serialından qaynaqlanır.

Digər diqqətçəkən ifadələr arasında “broligarchy” (siyasi təsirə malik azsaylı varlı kişilər qrupu), “Henry” (“high earner, not rich yet” – yəni “yüksək qazanc əldə edən, amma hələ varlı olmayan şəxs”), “taskmasking” (işdə məhsuldar görsənmək üçün görüntü yaratmaq), və “micro-retirement” (işdən qısa fasilə verib şəxsi maraqlara vaxt ayırmaq) kimi yeni sözlər də yer alıb.

Eyni zamanda, “biohacking” (bədənin təbii proseslərini sağlamlıq və uzunömürlülük üçün dəyişdirmə), “coolcation” (isti iqlimdən qaçaraq sərin bölgələrdə istirahət etmək), “glaze” (kimisə həddən artıq tərifləmək) və “aura farming” (xarizmatik imic yaratmaq üçün məqsədli səy göstərmək) kimi terminlər də bu ilin trend sözləri sırasındadır.

Xatırladaq ki, Collins 2024-cü ildə “brat” (özünəinamlı və sərbəst davranışlı şəxs) sözünü, 2023-cü ildə isə “AI” terminini ilin sözü elan etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az