OnlyFans istifadəçilərinə aid olduğu iddia edilən məlumat bazası haker forumlarından birində satışa çıxarılıb. İddiaya görə, bazada platformanın 340 milyon istifadəçisi haqqında məlumat yer alır.
Məlumatlara görə, satışa çıxarılan bazada kontent yaradıcıları və onların izləyicilərinə aid milyonlarla məlumat sətri mövcuddur. Baza üçün 0,313 BTC tələb olunur.
Məlumatı yayan şəxs əvvəlcə bazanın OnlyFans platformasının daxili sistemlərindən əldə edildiyini bildirsə də, sonradan platformanın sındırılmadığını etiraf edib. Onun sözlərinə görə, məlumatlar köhnə sızmalar və açıq profillər əsasında toplanıb.
Bildirilir ki, məlumatların toplanmasında X (Twitter), Instagram, Spotify və digər xidmətlərdən yayılan əvvəlki məlumat sızmalarından istifadə olunub.
Bazadakı məlumatlar arasında istifadəçi adları, e-poçt ünvanları, telefon nömrələri, izləyici sayı, bəyənmələr, sosial şəbəkə hesabları və qismən ödəniş məlumatlarının olduğu iddia edilir.
Hackread portalı məlumatların bir hissəsini araşdırdıqdan sonra bəzi istifadəçi adlarının açıq OnlyFans profilləri ilə uyğun gəldiyini bildirib. Bununla belə, bir çox qeydlərin natamam olduğu və məlumatların bir hissəsinin ictimai şəkildə əlçatan olduğu qeyd olunub.
Portal e-poçt ünvanları və bank kartı məlumatlarının həqiqiliyini tam təsdiqləyə bilməyib. Buna baxmayaraq, ekspertlər belə bazaların istifadəçilər üçün fişinq, şantaj və anonimliyin pozulması risklərini artırdığını vurğulayırlar.
