Az | EN

Meta Reddit-ə rəqib olacaq yeni platformasını təqdim etdi

Cəmil Hüseynzadə
25 May 2026 15:49
34 baxış
Meta Reddit-ə rəqib olacaq yeni platformasını təqdim etdi

Meta “Forum” adlı yeni müstəqil platformasını istifadəyə verib. Şirkətin Facebook qrupları üçün hazırladığı yeni tətbiqin əsas məqsədinin Reddit-ə rəqib olmaq olduğu bildirilir.

“Forum” istifadəçilərə mövcud Facebook hesabları ilə daxil olmağa imkan yaradır. Platformaya giriş zamanı istifadəçinin qrupları, profili və əvvəlki fəaliyyəti avtomatik şəkildə tətbiqə köçürülür. Burada da Facebook-da olduğu kimi ləqəblərlə paylaşım etmək mümkündür.

Meta yeni platformanı “daha dərin müzakirələr və real cavablar üçün yaradılmış xüsusi məkan” kimi təqdim edir. Tətbiqdə süni intellekt dəstəyi ilə işləyən “Sor” bölməsi yer alır. Bu funksiya müxtəlif qruplardakı müzakirələri analiz edərək istifadəçilərin suallarına cavab verir. Bundan əlavə, qrup administratorları üçün kontent moderasiyasını asanlaşdıran AI köməkçisi də tətbiqə inteqrasiya olunub.

Şirkət bildirib ki, “Forum” üzərində edilən paylaşımlar Facebook qruplarında da görünməyə davam edəcək və qruplar əsas platformada fəaliyyətini saxlayacaq.

Qeyd edək ki, “Forum” Meta-nın son həftələrdə təqdim etdiyi ikinci yeni tətbiqdir. Şirkət bundan əvvəl “Instants” adlı yeni foto paylaşım tətbiqini istifadəyə vermişdi.

“The Wall Street Journal”ın məlumatına görə, Meta CEO-su Mark Zukerberq əməkdaşlarla görüşündə süni intellektin yaratdığı məhsuldarlıq hesabına daha çox tətbiq hazırlamaq istədiklərini bildirib. Onun sözlərinə görə, şirkət gələcəkdə onlarla yeni tətbiq üzərində işləyə bilər.

© copyright 2022 | tech.az | info@tech.az