Az | EN

Ferrari ilk tam elektrikli avtomobili “Luce”ni təqdim etdi

Cəmil Hüseynzadə
26 May 2026 13:58
41 baxış
Ferrari ilk tam elektrikli avtomobili “Luce”ni təqdim etdi

Ferrari ilk tam elektrikli modeli olan “Luce”ni rəsmi olaraq təqdim edib. Beş nəfərlik elektrik superkarının başlanğıc qiyməti 550 min avrodur.

Şirkət avtomobilin dizaynı üzərində Apple-ın keçmiş baş dizayneri Coni Ayvın yaratdığı LoveFrom studiyası və sənaye dizayneri Mark Nyuson ilə birlikdə çalışıb.

Tam ötürücülü Ferrari Luce hər təkər üçün ayrıca olmaqla dörd elektrik mühərriki ilə təchiz olunub. Avtomobilin ümumi gücü 1050 at qüvvəsinə çatır. Model 122 kVt/saat tutumlu batareya ilə təchiz edilib.

Şirkətin açıqladığı məlumata görə, Luce tam enerji yüklənməsi ilə 530 kilometr məsafə qət edə bilir. Avtomobil 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə, 200 km/saat sürətə isə 6,8 saniyəyə çatır. Maksimal sürət 310 km/saat təşkil edir. Modelin çəkisi 2260 kiloqramdır.

Salonun interyerində dəbdəbəli dəri, təkrar emal olunmuş alüminium və Corning şirkətinin xüsusi şüşələrindən istifadə olunub. OLED ekranlar Samsung Display tərəfindən hazırlanıb. Avtomobilin audio sistemi 21 dinamik və 3000 vatt gücündə 24 kanallı gücləndirici ilə təchiz edilib.

Bloomberg-in yazdığına görə, Ferrari süni mühərrik səsi imitasiya etmək əvəzinə elektrik mühərriklərinin real səslərini xüsusi sensor vasitəsilə toplayaraq emal edir və gücləndirir.

Şirkət mexaniki düymələrdən tam imtina etməyib. Temperatur tənzimlənməsi, oturacaqların qızdırılması və digər əsas funksiyalar üçün fiziki idarəetmə elementləri saxlanılıb. Sensor ekran vasitəsilə isə iqlim nəzarəti, multimedia və naviqasiya sistemlərini daha detallı şəkildə idarə etmək mümkündür.

Ferrari Luce satışa beş fərqli rəng və müxtəlif salon tərtibatı variantları ilə çıxacaq. WSJ-nin məlumatına görə, modelin İtaliyadakı başlanğıc qiyməti 550 min avro olacaq.

© copyright 2022 | tech.az | info@tech.az