ABŞ-nin Federal Ticarət Komissiyası (FTC), "Facebook"un ana şirkəti olan "Meta"ya qarşı məhkəmə prosesinə başlayıb. Şirkət, 2012-ci ildə Instagram və 2014-cü ildə "WhatsApp"ı satın alaraq rəqabəti qeyri-qanuni şəkildə məhdudlaşdırmaqda ittiham olunur. Prosesin məqsədi – "Meta"nın bu platformaları satmağa məcbur edilməsi və bazarda rəqabətin bərpa olunmasıdır.
Bu, yalnız adi bir hüquqi proses deyil – Meta üçün mövcudluq savaşıdır. Şirkət ABŞ-də reklam gəlirlərinin yarıdan çoxunu Instagram-dan əldə edir. Eyni zamanda WhatsApp da gündəlik istifadəçi sayına görə "Meta"nın ən böyük tətbiqidir və gələcəkdə biznes mesajlaşma xidmətləri vasitəsilə gəlir mənbəyi kimi dəyərləndirilir.
"Meta"nın baş hüquq məsləhətçisi Jennifer Newstead bu iddiaları əsassız adlandıraraq bildirib ki, belə addımlar texnologiya sektoruna investisiyaları zəiflədir:
“ABŞ administrasiyası bir tərəfdən TikTok-u qorumağa çalışdığı halda, digər tərəfdən uğurlu Amerika şirkətini parçalamağa cəhd edir.”
Məhkəmənin ən diqqətçəkən məqamlarından biri isə Meta CEO-su Mark Zuckerberg-in ifadə verməsi olacaq. Onun illər əvvəlki e-maillərində Instagram-ı potensial rəqibi neytrallaşdırmaq məqsədilə almaq istədiyi, WhatsApp-ın isə gələcəkdə sosial şəbəkəyə çevrilmək potensialından narahat olduğu görünür.
Meta müdafiəsində bildirir ki, bu alışlar istifadəçilərə fayda verib və bu gün bazarda TikTok, YouTube və Apple-ın iMessage platformaları ilə ciddi rəqabət mövcuddur. Lakin FTC iddia edir ki, Facebook, Instagram və WhatsApp, dostlar və ailə ilə əlaqə qurmaq üçün istifadə olunan əsas platformalardır və bunlar arasında real alternativ yoxdur.
Əgər FTC məhkəməni qazanarsa, növbəti mərhələdə Meta-nın bölünməsi – yəni Instagram və WhatsApp-ın satışının məcburi hala gətirilməsi – məsələsi müzakirəyə çıxarılacaq. Xüsusilə Instagram-ın itirilməsi Meta üçün maliyyə baxımından ciddi zərbə ola bilər, çünki bu platforma şirkətə ən çox gəlir gətirən tətbiqdir.
Bu proses, eyni zamanda ABŞ hökumətinin texnologiya nəhənglərinə qarşı necə mövqe tutacağına dair cəmiyyətə ilk ciddi siqnal olacaq.