ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi "Apple"ın keçmiş baş dizayneri Coni Ayvın təsis etdiyi və OpenAI tərəfindən alınan "io" layihəsinin eyniadlı brenddən istifadəsinə qoyulan müvəqqəti qadağanı qüvvədə saxlayıb. Məhkəmə çəkişməsinin səbəbi Google laboratoriyasında yaradılan və süni intellekt dəstəkli qulaqlıqlar istehsal edən "iyO" startapının iddiasıdır. Bu şirkət 2025-ci ilin iyun ayında əmtəə nişanı hüquqlarının pozulması səbəbilə "io", OpenAI, Sem Altman və Coni Ayvı məhkəməyə verib.
Məhkəmə "iyO" şirkətinin iddialarını əsaslı hesab edərək bildirib ki, hər iki şirkətin adı eyni səslənir və məhsulları oxşar sahəyə aiddir. Bu isə bazara çıxış zamanı istehlakçılar arasında çaşqınlıq yarada bilər. Hakim həmçinin qeyd edib ki, OpenAI tərəfindən 6,5 milyard dollara alınan "io"nun aqressiv bazar strategiyası "iyO" startapının investisiya cəlb etmək səylərinə ciddi təhlükə yaradıb.
Hazırda iş yenidən məhkəməyə qaytarılıb və mahiyyəti üzrə baxılma prosesi 2026-cı ilin yazında başlayacaq. Ekspert rəylərinin öyrənilməsi və andlı iclasçıların iştirakı ilə keçiriləcək dinləmələrin 2027-2028-ci illərə qədər davam edəcəyi proqnozlaşdırılır. Bu müddət ərzində OpenAI və Coni Ayvın komandası mübahisəli brend adından istifadə edə bilməyəcək
