Baykar fəaliyyət sahəsini genişləndirərək enerji sektoruna daxil olur. Pilotsuz uçuş aparatları ilə dünyada tanınan şirkət indi də ölkənin enerji müstəqilliyi üçün nüvə reaktorlarının istehsalına başlayır. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar şirkətin bu yeni layihəsi barədə məlumat verib.
Nazirin sözlərinə görə, Baykar hazırda Kiçik Modul Reaktor texnologiyası üzərində işləyir. Şirkətin hazırladığı 40 meqavatlıq yerli reaktor prototipi ənənəvi böyük stansiyalardan fərqlənir və təkbaşına təxminən 100 min ailənin elektrik ehtiyacını qarşılamaq gücündədir. Bu addım Türkiyənin təkcə müdafiə sahəsində deyil, həm də enerji texnologiyalarında xaricdən asılılığını azaltmaq məqsədi daşıyır.
Baykar şirkətinin rəhbəri Səlcuq Bayraktar daha əvvəl nüvə enerjisinin Türkiyə üçün vacib olduğunu vurğulamışdı. Şirkət aviasiya sahəsində qazandığı mühəndislik təcrübəsini və proqram təminatı imkanlarını indi təhlükəsiz nüvə enerjisi istehsalına yönəldir.
Bununla yanaşı, Türkiyə hökuməti özəl şirkətlərin də nüvə enerjisi istehsal etməsinə icazə verən yeni qanun layihəsi hazırlayır. Ölkənin hədəfi nəhəng stansiyalarla yanaşı, daha praktik olan kiçik reaktorlardan istifadə etməkdir. Bu yeni nəsil reaktorların üstünlüyü ondadır ki, onlar fabrikdə istehsal olunub daşına bilir, qəza riski minimumdur və qısa müddətdə quraşdırılır.
