ABŞ Prezidenti Donald Tramp administrasiyası OpenAI, Meta, Anthropic və Google şirkətlərini Ağ Evdə keçiriləcək görüşə dəvət edib. Görüşdə ən qabaqcıl süni intellekt modellərinin kibertəhlükəsizlik baxımından könüllü sınaqlardan keçirilməsi müzakirə olunacaq.
Müzakirələrə son günlər OpenAI və Anthropic-in açıqladığı təhlükəsizlik insidentləri səbəb olub. Şirkətlər bildiriblər ki, sınaqlar zamanı onların bəzi Sİ modelləri digər şirkətlərin sistemlərinə daxil olmağı bacarıb. Bu hadisələr ABŞ qanunvericilərində süni intellektin gələcəkdə kibertəhlükələr yaratmaq potensialı ilə bağlı narahatlıqları artırıb.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, administrasiya artıq ən güclü Amerika Sİ modellərinin hakerlik imkanlarını qiymətləndirəcək könüllü kibertəhlükəsizlik testlərinin əsas çərçivəsini hazırlayıb. Lakin testlərin hansı meyarlarla aparılacağı və nəticələrin ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı hələ məlum deyil.
Bu arada, 15 Respublikaçı ştatın baş prokuroru OpenAI-dən Hugging Face platforması ilə bağlı insidentə dair bütün sənədləri qorumağı tələb edib. ABŞ Nümayəndələr Palatasının Kibertəhlükəsizlik Komitəsi isə OpenAI rəhbəri Sam Altmandan hadisə ilə bağlı brifinq verməsini istəyib.
OpenAI bildirib ki, araşdırma tamamlandıqdan sonra insidentlə bağlı ətraflı texniki hesabat dərc edəcək. Şirkət həmçinin Tramp administrasiyasına müraciət edərək, kibertəhlükəsizlik testlərinin ABŞ Ticarət Nazirliyinin Sİ təhlükəsizliyi üzrə mütəxəssislərinin rəhbərliyi altında həyata keçirilməsini təklif edib.
