Az | EN

ABŞ-ın Plaid şirkəti 400 milyon dollar dəyərində tender təklifi üzrə işə başlayır

Nigar Sultanli
11 Fevral 2025 13:40
72 baxış
ABŞ-ın Plaid şirkəti 400 milyon dollar dəyərində tender təklifi üzrə işə başlayır

Plaid şirkəti bank hesablarını müxtəlif maliyyə tətbiqlərinə inteqrasiya edən platformadır. Yəni, Plaid istifadəçilərin bank hesabları ilə müxtəlif tətbiqlər arasında məlumat mübadiləsi aparır, beləliklə istifadəçilər öz maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə daxil ola bilirlər. Şirkət bu sahədəki infrastrukturunu genişləndirmək və daha çox müştəri cəlb etmək məqsədilə erkən mərhələdəki investorlar və işçilərə mövcud səhmlərini satmaq imkanı verir. Bu satışdan isə 300 milyon ilə 400 milyon dollar arasında vəsait yığmağı planlaşdırır. Bloomberg-in məlumatına görə, bu əməliyyatda maliyyə sahəsində dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs da iştirak edir. Goldman Sachs, əsasən iri müəssisələrə və hökumətlərə maliyyə xidmətləri göstərən, dünya miqyasında tanınmış və nüfuzlu bir investisiya bankıdır.

Bu cür təkliflərə tender təklifi deyilir və şirkətin dəyəri əvvəlki raunddan aşağı olacaq. Plaid 2021-ci ilin aprelində Altimeter Capital tərəfindən yönəldilən 425 milyon dollar dəyərində bir Series D raundu keçirmişdi və həmin zaman şirkətin dəyəri 13,4 milyard dollar idi. Sonradan isə faizlərin artması fintech startaplarının dəyərlərinin aşağı düşməsinə səbəb olub.

Plaid hələlik bu barədə açıqlama verməyib.

Şirkət əvvəlcə yalnız fintech müştəriləri ilə çalışırdı, amma indi H&R Block, Western Union və Citi kimi böyük maliyyə şirkətləri də onun müştərilərindəndir. Plaid-in gəliri 2024-cü ildə 25%-dən çox artıb.

© copyright 2022 | tech.az | info@tech.az