ABŞ Ədliyyə Nazirliyi, Çin vətəndaşları Çuan Geng və Şivei Yanq tərəfindən təsis edilmiş ALX Solutions şirkətini, Nvidia-nın süni intellekt çiplərini qanunsuz yollarla Çinə göndərməkdə ittiham edib. İttihamda, aralarında Nvidia-nın yüksək səviyyəli H100 çiplərinin də olduğu, on milyonlarla dollar dəyərində məhsulun ixrac lisenziyası olmadan Çinə göndərildiyi bildirilib.
ALX Solutions şirkəti 2022-ci ildə qurulub və ABŞ hökumətinin Çinə qarşı texnologiya ixracına dair ciddi məhdudiyyətlər tətbiq etməyə başladığı dövrdə fəaliyyətə başlayıb. İddialara görə, 2022-ci ilin oktyabrı ilə 2025-ci ilin iyulu arasında bu şirkət, ABŞ Ticarət Nazirliyindən lazımi ixrac icazələri almadan süni intellekt çiplərini Çinə göndərib.
Rəsmi məlumatlara əsasən, ALX Solutions 2023-cü ilin avqustu ilə 2024-cü ilin iyulu arasında San Xose mərkəzli Super Micro Computer adlı server istehsalçısından 200-dən çox Nvidia H100 çipi satın alıb. Sifariş sənədlərində bu çiplərin Sinqapur və Yaponiyadakı müştərilərə göndəriləcəyi qeyd olunub.
Lakin andlı ifadələrə əsasən, ALX Solutions adından həyata keçirilmiş 20-dən çox göndəriş əslində Sinqapur və Malayziyada yerləşən yükdaşıma şirkətlərinə göndərilib. Bu ölkələrin qanunsuz malların Çinə ötürülməsi üçün populyar transfer nöqtələri olduğu və sifarişlərin qeyd olunan son ünvanlara çatmadığı məlum olub.
Əlavə olaraq, 2024-cü ilin yanvar ayında Çin mənşəli bir şirkətin ALX Solutions-a 1 milyon dollar ödəniş etdiyi qeyd edilib.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Chuan Geng və Shiwei Yang Los Ancelesdəki federal məhkəməyə çıxarılıb. Daimi yaşayış icazəsinə malik olan Geng 250 min dollar zəmanətlə sərbəst buraxılıb. Lakin viza müddəti bitmiş olan Yang həbsdə saxlanılacaq və 12 avqust 2025-ci ildə məhkəməsi keçiriləcək.
Məsələ ilə bağlı Nvidia şirkəti açıqlama verərək bildirib:
“Bu məhkəmə işi, qaçaqmalçılığın heç vaxt qəbulolunan bir seçim olmadığını açıq şəkildə göstərir.”
Şirkət həmçinin vurğulayıb ki, məhsullar yalnız etibarlı tərəfdaşlara satılır və bütün satışlar ixrac qanunlarına uyğun həyata keçirilir. Nvidia eyni zamanda qeyd edib ki, qanunsuz yollarla əldə edilmiş məhsullar texniki dəstək, xidmət və yeniləmələrdən faydalana bilməyəcək.