Az | EN

Nvidia və Apple Trampın Ağ Evdəki bal zalı layihəsinə 25 milyon dollar ayırıb

Cəmil Hüseynzadə
16 Oktyabr 2026 14:54
116 baxış
Nvidia və Apple Trampın Ağ Evdəki bal zalı layihəsinə 25 milyon dollar ayırıb

The Washington Post qəzetinin məlumatına görə, Nvidia və Apple ABŞ Prezidenti Donald Trampın Ağ Evdə inşa etdirmək istədiyi bal zalı layihəsinə ayrı-ayrılıqda 25 milyon dollar vəsait ayırmağı öhdələrinə götürüblər. Qəzetin açıqladığı siyahıya əsasən, layihə üçün ümumilikdə 333 milyon dollar özəl ianə vəd edilib. Reuters məlumatı müstəqil şəkildə təsdiqləmədiyini bildirir.

İanə verənlər arasında Tramp və Respublikaçılar Partiyasının uzunmüddətli maliyyə dəstəkçiləri olan Adelson ailəsi, həmçinin Dish Network şirkətinin həmtəsisçisi Çarlz Ergen də var. Onların hər biri 25 milyon dollar ayırmağı vəd edib. The Washington Post-un məlumatına görə, Lockheed Martin, Microsoft və Palantir Technologies şirkətləri isə hər biri 10 milyon dollar ianə edib.

Ağ Evin sözçüsü Devis İnql donorlar barədə məlumatların açıqlanmayacağını bildirib. Nvidia ianəni amerikalılara xidmət edən qeyri-siyasi fonda etdiyini və ABŞ-a dəstəyinin kommersiya maraqlarından asılı olmadığını açıqlayıb. Apple isə şərh verməkdən imtina edib.

Layihənin maliyyələşdirilməsi və donorlar barədə məlumatların açıqlanmaması şəffaflıq və mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradıb. Brennan Center for Justice təşkilatının nümayəndəsi Erik Petri bildirib ki, hökumətlə biznes əlaqələri olan şirkətlərin prezidentin layihəsinə böyük məbləğlər ayırması, donorların kimliyinin açıqlanmaması ilə birlikdə, onların dövlət qərarlarına təsir göstərib-göstərmədiyini qiymətləndirməyi çətinləşdirir.

Təxminən 400 milyon dollara başa gələcəyi bildirilən layihə əvvəlcə Tramp və varlı donorlar tərəfindən maliyyələşdirilməli idi. Daha sonra prezident yeraltı bunker və təhlükəsizlik sistemləri üçün Konqresdən 1 milyard dollar tələb etsə də, bu cəhd uğursuz olub.

Təxminən 8 360 kvadratmetr sahəni əhatə edəcək və 1 000 nəfərlik tutuma malik olacaq bal zalının bomba sığınacaqları, tibbi bölmələr, dron və raketlərə qarşı müdafiə sistemləri ilə təchiz edilməsi planlaşdırılır. Layihə Ağ Evin tarixi Şərq qanadının sökülməsi və tikintinin qanuniliyi ilə bağlı da mübahisələrə səbəb olub. ABŞ Ali Məhkəməsi avqustda tikintinin davam etdirilməsinə müvəqqəti icazə verib.

© copyright 2022 | tech.az | info@tech.az