Az | EN

ABŞ “TSMC”yə qarşı 1 milyard dollar cərimə tətbiq edir

Nigar Sultanli
10 Aprel 2025 13:30
371 baxış
ABŞ “TSMC”yə qarşı 1 milyard dollar cərimə tətbiq edir

ABŞ Ticarət Nazirliyi Tayvanın nəhəng çip istehsalçısı TSMC-nin ixrac nəzarəti qanunlarını pozub-pozmadığını araşdırmaq üçün istintaqa başlayıb. İddialara görə, TSMC Çin mənşəli Sophgo şirkəti üçün istehsal etdiyi çipi Huawei şirkətinin Ascend 910B süni intellekt prosessoruna yerləşdirməklə ABŞ-nin ixrac qaydalarını pozub. Nəticədə şirkət 1 milyard dollar və ya daha artıq məbləğdə cərimə ilə üzləşə bilər.

Qeyd edək ki, Huawei ABŞ tərəfindən bir neçə ildir ki, ticarət sirləri oğurluğu və sanksiyalardan yayınma səbəbilə qara siyahıya salınıb. Buna görə də, bu şirkət ABŞ texnologiyası ilə istehsal olunmuş məhsulları almaqda ciddi məhdudiyyətlərə tabedir.

ABŞ ixrac qanunlarına əsasən, bu ölkənin texnologiyası ilə hazırlanan məhsullar yalnız müəyyən ölkə və şirkətlərə satıla bilər. TSMC-nin istifadə etdiyi avadanlıqların bir çoxu ABŞ texnologiyalarını ehtiva etdiyindən, Tayvandakı fabriklərində Huawei kimi qadağan olunmuş şirkətlər üçün istehsal aparması qadağandır.

Araşdırmalar zamanı məlum olub ki, TSMC son illərdə Sophgo-nun sifarişi ilə təxminən 3 milyon çip istehsal edib və bu çiplərin dolayı yolla Huawei-yə çatdırıldığı güman olunur. RAND Texnologiya və Təhlükəsizlik Siyasəti Mərkəzinin tədqiqatçısı Lennart Heim bu ehtimalı güclü hesab edir.

Bu faktlar TSMC-nin ABŞ-nin ixrac nəzarətini pozduğuna işarədir. Xüsusilə də, çiplərin süni intellekt tətbiqləri üçün nəzərdə tutulması narahatlığı daha da artırır. ABŞ adətən belə hallarda şirkətləri satış dəyərinin iki misli qədər cərimələyir. Bu baxımdan TSMC-yə qarşı 1 milyard dollardan çox cərimə tətbiq oluna bilər.

Bu vəziyyət ABŞ-Tayvan münasibətləri fonunda da mühüm əhəmiyyət daşıyır. Belə ki, Tramp keçən həftə Tayvandan idxal olunan məhsullara 32%-lik vergi tətbiq etdikdən sonra, iki ölkə arasında ticarət danışıqları yenidən gündəmə gəlib. Hazırda bu vergi çipləri əhatə etməsə də, Tramp TSMC-yə ultimatum verib.

Respublikaçılar Partiyasının tədbirində çıxış edən Tramp bildirib ki, əgər TSMC ABŞ-da zavod açmasa, 100% vergi ödəməli olacaq. O, həmçinin keçmiş prezident Co Baydenin ABŞ-da fəaliyyət göstərən TSMC yarımkeçirici zavoduna 6,6 milyard dollar subsidiya ayırmasını da tənqid edərək, “Yarımkeçirici şirkətlərin pula ehtiyacı yoxdur,” — deyə əlavə edib.

© copyright 2022 | tech.az | info@tech.az