Alibaba texnologiya nəhəngi, Qwen Chat adlı süni intellekt əsaslı söhbət botuna yeni “Deep Research” (Dərin Tədqiqat) funksiyasını əlavə etdiyini elan edib. Bu funksiya istifadəçilərə yeni mövzuları daha dərindən öyrənməyə imkan verir. Sistem 10-dan çox mənbəni analiz edir və istifadəçiyə nəticələri əhatəli hesabat formasında təqdim edir.
Qwen Chat-də bu funksiyanı aktivləşdirmək üçün istifadəçi əvvəlcə araşdırmaq istədiyi mövzunu təqdim edir, sonra isə botun verdiyi suallara cavab verir. Bot isə topladığı məlumatları həm söhbət formatında, həm də PDF sənədi şəklində təqdim edir. Məsələn, Çin mediasının məlumatına görə, Qwen Chat Yaponiya Edo dövrü qravüraları barədə 11 səhifəlik hesabat hazırlayıb.
Bununla belə, bəzi texniki çətinliklər müşahidə olunub. Redaktorların apardığı sınaqlarda bot bəzi hallarda boş və ya istinadsız mənbələr əlavə edib. Həmçinin, beyin fəaliyyətini yaxşılaşdıran vitaminlər mövzusunda sorğu zamanı Qwen Chat həm rus, həm də ingilis dillərində tədqiqatı yarımçıq saxlayaraq cavab verməkdə çətinlik çəkib.
Bu tip "Deep Research" funksiyaları artıq digər qabaqcıl texnoloji şirkətlərdə də tətbiq olunmağa başlayıb. OpenAI şirkəti bu rejimi 3 fevral 2025-ci il tarixində təqdim edib. O3 modelinə əsaslanan bu funksiya pullu versiyada çox səhifəli hesabatlar hazırlayır. Aprel ayında isə o4-mini modelinə əsaslanan, sadələşdirilmiş və pulsuz versiya istifadəyə verilib.
Oxşar tədqiqat rejimləri hal-hazırda İlon Maska məxsus xAI şirkətinin Grok, Google-un Gemini, Perplexity İA axtarış sistemində və Microsoft-un Copilot platformasında da mövcuddur.