ABŞ-ın Texas ştatının Baş Prokurorluğu WhatsApp və onun sahibi olan Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. İddiada messencerin yazışmaların məxfiliyi və şifrələnməsi ilə bağlı istifadəçiləri yanlış məlumatlandırdığı bildirilir.
Reuters-in məlumatına görə, iddiada qeyd olunur ki, WhatsApp əməkdaşlarının “demək olar ki, bütün” şəxsi yazışmalara çıxışı ola bilərdi. Halbuki şirkət istifadəçilərə mesajların tam şifrələndiyini və təhlükəsiz olduğunu bildirirdi.
Texasın baş prokuroru Ken Pakston bildirib ki, “WhatsApp öz xidmətlərini təhlükəsiz və şifrələnmiş kimi təqdim edir, lakin bu vədləri yerinə yetirmir”.
İddiada həmçinin Meta-nın şifrələnməmiş WhatsApp mesajlarına çıxış əldə edə biləcəyi ilə bağlı federal araşdırmalar haqqında mediada yayılan xəbərlərə də istinad edilir.
Texas Baş Prokurorluğu məhkəmə vasitəsilə Meta və WhatsApp-a ştat sakinlərinin mesajlarına onların razılığı olmadan giriş əldə etməyi qadağan etməyi, həmçinin şirkətlərə qarşı maliyyə cərimələri tətbiq olunmasını tələb edir.
Meta isə ittihamları rədd edib. Şirkət nümayəndəsi bildirib ki, WhatsApp istifadəçilərin şifrələnmiş mesajlarına çıxış imkanına malik deyil və məhkəmə iddiasındakı arqumentlər həqiqəti əks etdirmir.
Telegram-ın qurucusu Pavel Durov məsələ ilə bağlı açıqlamasında WhatsApp-ın şifrələmə siyasətini “böyük aldatma” adlandırıb:
“İndi WhatsApp-ın qurucusunun istifadəçilərin məxfiliyini satdığını deyərkən nəyi nəzərdə tutduğunu anlayırıq. Özünüzü qoruyun — Telegram istifadə edin”, — deyə Durov bildirib.
Durov burada, ehtimal ki, WhatsApp-ın həmtəsisçisi Brayan Ektonun 2018-ci ildə Forbes-ə verdiyi müsahibədə söylədiyi fikrə istinad edib. Ekton 2014-cü ildə WhatsApp-ın Facebook-a (indiki Meta) satılmasını belə şərh etmişdi:
“Mən istifadəçilərimin məxfiliyini daha böyük qazanc naminə satdım. Bu seçim idi və mən kompromisə getdim”.
Qeyd edək ki, Texas hakimiyyəti bundan əvvəl də Netflix-ə qarşı istifadəçiləri, o cümlədən uşaqları izləmək iddiası ilə məhkəmə işi açmışdı.
