Az | EN

Anthropic 2026-cı ildə IPO çıxmağı planlaşdırır

Cəmil Hüseynzadə
03 Dekabr 2025 11:28
54 baxış
Anthropic 2026-cı ildə IPO çıxmağı planlaşdırır

Claude süni intellekt çat-botunun yaradıcısı Anthropic 2026-cı ildə ilkin səhmlərin yerləşdirilməsi (IPO) imkanlarını araşdırır. Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, şirkət artıq ABŞ-nin tanınmış hüquq firmalarından biri olan Uilson Sonsini ilə məsləhətləşmələrə başlayıb.

Uilson Sonsini 2022-ci ildən bəri Anthropic-ə hüquqi dəstək göstərir və əvvəllər Google, LinkedIn və Lyft kimi nəhənglərin IPO proseslərində iştirak edib.

Mənbələrdən biri bildirir ki, Anthropic investisiya bankları ilə də ilkin danışıqlar aparıb və IPO üçün tələb olunan daxili dəyişikliklərə start verib. Bununla belə, şirkətin hələlik anderrayter seçimi ilə bağlı münasibəti formalaşmayıb.

Məlumatçıların bir qismi 2026-cı ildə IPO-nun baş tutacağına şübhə ilə yanaşır. Anthropic isə açıqlamasında IPO-nun nə vaxt keçiriləcəyinin və ümumiyyətlə keçirilib-keçirilməyəcəyinin hələ müəyyən olunmadığını bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Reuters OpenAI-nin 2027-ci ildə birjada listinqə çıxmağı planlaşdırdığı və potensial olaraq 1 trilyon dollara qədər qiymətləndirilə biləcəyi barədə xəbər yaymışdı. Lakin o vaxt OpenAI rəsmisi “IPO hazırda gündəmdə deyil” demişdi.

© copyright 2022 | tech.az | info@tech.az