Anthropic şirkəti Claude Design xidmətini 2026-cı il dekabrın 14-də bağlayacaq. Şirkət istifadəçilərə bununla bağlı elektron məktublar göndərib və layihələrin yeni platformaya köçürülməsi üçün təlimat yayımlayıb.
Claude Design Anthropic Labs tərəfindən hazırlanmış, süni intellektlə dialoq vasitəsilə dizayn maketləri, prototiplər, təqdimatlar və digər vizual materiallar yaratmağa imkan verən alətdir. Xidmət 17 aprel 2026-cı ildə Pro, Max, Team və Enterprise abunəçiləri üçün tədqiqat məqsədli ilkin versiya kimi istifadəyə verilmişdi. O, ayrıca claude.ai/design saytı üzərindən fəaliyyət göstərirdi.
Sentyabr ayında Claude Design-ın dizayn imkanları Claude-un əsas interfeysinə, o cümlədən Claude Code-a inteqrasiya edilib. Artıq yeni maketlər, dizayn sistemləri və təqdimatlar istənilən çatda yaradılır və yazışmanın yanında açılan interaktiv sənədlər — Artifacts formatında təqdim olunur. Köhnə Claude Design layihələri yeni formatla uyğun gəlmədiyindən, köçürülmə zamanı Claude onları uyğunlaşdırır.
Layihələr avtomatik köçürülməyəcək. İstifadəçilər bu prosesi Claude-un Artifacts bölməsindən özləri başlatmalıdırlar. Anthropic ödənişli tariflər üçün layihələrin köçürülməsi imkanını mərhələli şəkildə aktivləşdirir. Dizayn sistemlərini isə artıq köçürmək mümkündür. Köçürülməsi mümkün olmayan layihələri dekabrın 14-dək ZIP arxivi şəklində yükləmək tövsiyə olunur. Başladılmış köçürmə prosesini ləğv etmək mümkün deyil.
Dekabrın 14-dən sonra Claude Design-ın köhnə saytı yalnız oxuma rejiminə keçiriləcək və orada yeni layihələr yaratmaq mümkün olmayacaq. Saytda saxlanılan layihələr isə məlumatların saxlanması qaydalarına uyğun olaraq bir müddət sonra silinəcək. Şirkət bunun üçün dəqiq tarix açıqlamayıb.
Layihələrlə bağlı çatlar və şərhlər yeni platformaya köçürülməyəcək və arxivə daxil edilməyəcək. Pulsuz tarifdən istifadə edənlər hələlik dizayn sistemlərini köçürə bilməzlər, onları yalnız yükləmək mümkündür.
Bundan əlavə, dekabrın 14-də ayrıca saytla birlikdə Claude Design-ın MCP serveri, /design-login və /design-sync əmrləri də fəaliyyətini dayandıracaq. Dəyişiklik Claude Code daxilindəki /design əmrinə təsir etməyəcək.
