Az | EN

Çində GTA VI yayımlarına qan məzmunu və polisə hücum səhnələri ilə bağlı məhdudiyyətlər qoyulub

Cəmil Hüseynzadə
17 Noyabr 2026 14:19
120 baxış
Çində GTA VI yayımlarına qan məzmunu və polisə hücum səhnələri ilə bağlı məhdudiyyətlər qoyulub

TikTok-un Çin versiyası olan Douyin GTA VI oyununu yayımlayan strimerlər üçün xüsusi qaydalar hazırlayıb. Bu barədə Çinin Kuai Keji nəşri məlumat yayıb.

“Douyin-də GTA6 yayımları zamanı qaydalara riayət edilməsi üzrə təlimat” adlanan sənəd platforma tərəfindən rəsmi şəkildə ictimaiyyətə açıqlanmayıb. Sənəd strimerlərin rəsmi çatlarında yayılıb. Orada yayımlar zamanı hansı səhnələrin göstərilməsinin qadağan olunduğu və bloklanma riskindən yayınmaq üçün görüntülərin necə emal edilməli olduğu izah edilir.

Təlimata əsasən, ağır xəsarət səhnələrinin, çoxlu qan görüntülərinin, polis əməkdaşlarına atəş açılmasının və hüquq-mühafizə orqanları əməkdaşlarının döyülməsinin yayımlanmasına icazə verilmir.

Həmçinin çimərlik kimi uyğun məkanlar istisna olmaqla, personajların açıq-saçıq geyimdə göstərilməsi, onların xüsusi olaraq belə geyimlərə dəyişdirilməsi və kameranın bədən hissələrinə yaxınlaşdırılması qadağandır.

Qayda pozuntularının qarşısını almaq üçün Douyin strimerlərə OBS, platformanın öz yayım tətbiqi və ya videokartın filtrlərindən istifadə etməyi, yaxud oyunda rəng korluğu rejimini aktivləşdirməyi tövsiyə edir. Bu rejimdə qan görüntüləri yaşıl və ya boz rəngdə əks olunur.

Əgər görüntünü vaxtında emal etmək mümkün olmazsa, həmin hissə mozaika ilə örtülməlidir. Ali213 nəşrinin qeyd etdiyi kimi, sənəd yalnız tövsiyə xarakteri daşıyır. Qayda pozuntularına görə cəzalar yenə də Douyin-in ümumi yayım qaydalarına əsasən tətbiq ediləcək.

Qeyd edək ki, noyabrın 12-də Rockstar Games-in Douyin-də Rockstar International Limited adına təsdiqlənmiş hesabı yaradılıb. Şirkət ilk paylaşımında oyunun əvvəlcədən yüklənməsi ilə bağlı tizer yayımlayıb.

GTA VI noyabrın 19-da PlayStation 5 və Xbox Series X|S platformaları üçün satışa çıxacaq.

© copyright 2022 | tech.az | info@tech.az