Anthropic süni intellekt modellərinin təlimi üçün Project Panama adlı layihə çərçivəsində hər gün minlərlə çap kitabını satın alaraq rəqəmsallaşdırır. Məhkəmə sənədlərinə görə, şirkət kitabların cildini kəsərək onları yüksək sürətli skanerlərlə rəqəmsal formata çevirir. Bu prosesdən sonra kitabları bərpa etmək mümkün olmur.
Layihənin məqsədi internetdə mövcud olmayan və ya daha əvvəl AI modellərinin təlimində istifadə edilməmiş məzmunu toplamaqdır. Sənədlərdə altı ay ərzində 500 min – 2 milyon kitabın skan edilməsinin planlaşdırıldığı, bunun isə gündə təxminən 11 min kitaba bərabər olduğu bildirilir.
Bunun əsas səbəbi internetdə keyfiyyətli, insanlar tərəfindən yazılmış mətnlərin tükənməsidir. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, AI modelləri əsasən digər AI-ların yaratdığı mətnlərlə öyrədilərsə, onların keyfiyyəti zamanla aşağı düşə, bilik müxtəlifliyi azala və səhvlər arta bilər.
Anthropic kitabları qanuni şəkildə satın aldığını və onların yalnız daxili təlim məqsədləri üçün rəqəmsallaşdırıldığını bildirir. ABŞ federal məhkəməsi də müəyyən hallarda bu yanaşmanın "fair use" (ədalətli istifadə) prinsipi çərçivəsində qiymətləndirilə biləcəyini qeyd edib. Bununla yanaşı, pirat rəqəmsal kitabxanalardan istifadə qanun pozuntusu hesab olunur.
Məlumata görə, AI şirkətlərinin kağız kitab və digər unikal mənbələrə tələbatı artdıqca, bu sahədə yeni bizneslər də formalaşmağa başlayıb. Artıq bəzi şirkətlər AI laboratoriyalarını rəqəmsal bazalarda olmayan nadir kitablarla təmin edir.
