Texnologiya nəhəngləri Apple, Meta və Google süni intellekt sahəsində liderlik uğrunda sərt rəqabət aparır. Son dövrlər bu rəqabət xüsusilə hardware və audio texnologiyalarına yönəlib. Apple bu məqsədlə İsrailli süni intellekt startapı Q.ai-ni satın alıb.
İlk olaraq Reuters agentliyinin yaydığı məlumata görə, Q.ai əsasən görüntüləmə və maşın öyrənməsi sahəsində ixtisaslaşıb. Şirkətin texnologiyaları cihazların pıçıltı ilə deyilən sözləri ayırd etməsinə və səs-küylü mühitlərdə audionun keyfiyyətini artırmasına imkan verir. Bu, Apple-ın xüsusilə AirPods məhsul xətti üçün strateji əhəmiyyət daşıyır. Qeyd edək ki, Apple ötən il AirPods üçün canlı tərcümə funksiyasını təqdim etmişdi.
Bundan əlavə, Apple üz əzələlərinin çox zəif hərəkətlərini aşkar edən texnologiyalar da inkişaf etdirir. Bu yeniliklərin Vision Pro qarışıq reallıq eynəyinin imkanlarını genişləndirməsi gözlənilir.
Financial Times nəşrinin məlumatına görə, sövdələşmənin dəyəri təxminən 2 milyard dollar təşkil edir. Bu, Apple-ın tarixində ikinci ən böyük satınalmadır. Şirkətin ən böyük alış-verişi 2014-cü ildə Beats Electronics-in 3 milyard dollara alınması olmuşdu.
Maraqlıdır ki, Q.ai-nin baş icraçı direktoru Aviad Maizels daha əvvəl də şirkətini Apple-a satıb. O, 2013-cü ildə PrimeSense adlı 3D sensor texnologiyası şirkətini Apple-a satmışdı. Həmin texnologiya iPhone-larda barmaq izi tanımadan üz tanımaya keçiddə mühüm rol oynamışdı.
2022-ci ildə yaradılan Q.ai Kleiner Perkins və Gradient Ventures kimi nüfuzlu fondlar tərəfindən maliyyələşdirilib. Şirkətin təsisçiləri — Aviad Maizels, Yonatan Wexler və Avi Barliya — satınalmadan sonra Apple komandasında fəaliyyətlərini davam etdirəcəklər.
Bu xəbər Apple-ın rüblük maliyyə hesabatını açıqlamasına bir neçə saat qalmış yayılıb. Analitiklər şirkətin gəlirini təxminən 138 milyard dollar səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, bu rübün Apple üçün son dörd ilin ən güclü iPhone satış artımı ilə yadda qalacağı gözlənilir.
