Süni intellekt əsaslı ChatGPT radikal meyllər göstərən istifadəçiləri aşkar edərək onları xüsusi çat-botlara yönləndirəcək. Bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, təşəbbüs artan təhlükəsizlik riskləri və məhkəmə işləri fonunda həyata keçirilir.
Yeni sistem ThroughLine tərəfindən hazırlanır və layihə çərçivəsində OpenAI, Anthropic və Google ilə əməkdaşlıq edilir. Şirkət hazırda istifadəçilərdə intihar meyli, ailədaxili zorakılıq və qidalanma problemləri kimi riskləri aşkar edərək onları uyğun yardım xidmətlərinə yönləndirməklə tanınır.
Yeni mərhələdə bu imkanlar genişləndirilərək radikallaşmanın qarşısının alınmasına yönəldiləcək. Layihə çərçivəsində The Christchurch Call təşkilatı da tərəfdaş kimi çıxış edəcək. Qurum 2019-cu ildə Yeni Zelandiyada baş vermiş terror hücumundan sonra yaradılıb və onlayn nifrət məzmununa qarşı mübarizə aparır. Yeni sistem radikal məzmun aşkar edildikdə ekspert dəstəyi və operativ reaksiya təmin edəcək.
