Apple şirkəti istifadəçinin əlindən zorla alınan iPhone-un avtomatik bloklanmasını təmin edəcək yeni təhlükəsizlik funksiyası hazırlayır. Bu barədə 9to5Mac nəşri məlumat yayıb.
Hazırda iPhone-larda “Stolen Device Protection” kimi oğurluqdan qoruma funksiyaları mövcuddur. Lakin nəşrin qeyd etdiyi kimi, cihaz oğru tərəfindən açıq vəziyyətdə ələ keçirilərsə, mövcud təhlükəsizlik tədbirləri demək olar ki, faydasız olur.
Yeni sistem isə cihazın istifadəçinin əlindən qəfil alınmasını müəyyən etməyə çalışacaq və belə halda iPhone-u avtomatik kilidləyəcək.
Məlumata görə, funksiya akselerometr kimi sensorlardan istifadə edəcək. Sistem oğurluq ehtimalını daha dəqiq qiymətləndirmək üçün qoşulmuş Apple Watch ilə olan məsafəni də analiz edəcək.
Bundan əlavə, iPhone-un tanış Wi-Fi şəbəkəsinə qoşulub-qoşulmadığı və cihazın istifadəçinin ev və ya iş yeri kimi tanış məkanlarda olub-olmadığı da nəzərə alınacaq.
Funksiyanın nə vaxt təqdim ediləcəyi hələ açıqlanmayıb. Android cihazlarında isə buna bənzər təhlükəsizlik funksiyası artıq mövcuddur.
