Az | EN

KAMAZ sürcüsüz yükdaşımaya başladı

Cəmil Hüseynzadə
28 May 2026 20:57
22 baxış
KAMAZ sürcüsüz yükdaşımaya başladı

Rusiyanın “NATCAR” nəqliyyat şirkəti KAMAZ K5 yük maşınları ilə ilk beynəlxalq sürücüsüz yükdaşımalarını həyata keçirib. Bu barədə “KAMAZ” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Sürücüsüz yük maşınları Rusiya-Qazaxıstan sərhədini keçərək marşrutun bir hissəsini avtonom rejimdə qət edib. Layihənin təqdimatı Rusiya prezidenti Vladimir Putinin V Avrasiya İqtisadi Forumunda iştirak məqsədilə Astanaya dövlət səfəri çərçivəsində baş tutub. Məlumata görə, layihə barədə prezidentə bu gün – 28 may tarixində hesabat verilib.

Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev bildirib ki, söhbət test yürüşlərindən deyil, real yük daşımalarından gedir. Növbəti mərhələdə isə iki ölkənin qanunvericiliyinin uyğunlaşdırılması nəzərə alınmaqla normativ bazanın hazırlanması planlaşdırılır.

“KAMAZ” şirkətinin baş direktoru Sergey Koqoqin qeyd edib ki, avtonom logistika artıq beynəlxalq səviyyəyə çıxır və şirkət layihənin inkişafına dəstəyini davam etdirməyə hazırdır.

NATCAR hazırda KAMAZ-54901 bazasında yüksək avtomatlaşdırılmış nəqliyyat vasitələrinin əsas operatorlarından biri hesab olunur. Şirkətin parkında 18 sürücüsüz yük maşını fəaliyyət göstərir. Bu avtomobillər artıq Rusiyanın M-11 “Neva”, A-113 Mərkəzi Dairəvi Avtomobil Yolu və M-12 “Vostok” magistrallarında istifadə olunur.

Beynəlxalq marşrutun işə salınması “Sürücüsüz logistika dəhlizləri” layihəsi çərçivəsində mühüm mərhələ sayılır. Layihə Rusiyanın Nəqliyyat Nazirliyi, “KAMAZ” və “Avtodor” şirkəti ilə birgə həyata keçirilir.

“KAMAZ” özünü Rusiyada yüksək avtomatlaşdırılmış yük maşınlarını öz şassisi üzərində istehsal edən yeganə şirkət kimi təqdim edir. İndiyədək həm Rusiya, həm də Qazaxıstan sürücüsüz texnologiyaları yalnız ölkə daxilində sınaqdan keçirirdi.

Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasına görə, sürücüsüz avtomobillərin 2027-ci ildən etibarən ümumi istifadədə olan yollara buraxılması planlaşdırılır. Nazirlik qeyd edib ki, sürücüsüz yük maşınlarının sınaqları uğurla keçsə də, texnologiyaların təkmilləşdirilməsi və qaydaların razılaşdırılması hələ də davam edir.

© copyright 2022 | tech.az | info@tech.az