ABŞ-da Google şirkətinin informasiya təhlükəsizliyi üzrə mühəndisi işləyən İtaliya vətəndaşı Mişele Spanyolo insayder məlumatlardan istifadə edərək Polymarket platformasında mərc oynamaqda ittiham olunub. ABC News-un yaydığı məlumata görə, o, 27 may 2026-cı ildə Nyu-Yorkda həbs edilib.
İstintaqın məlumatına əsasən, Spanyolo Google-a məxsus məxfi məlumatlardan istifadə edərək bir neçə uğurlu mərc yerləşdirib. Onun ən diqqətçəkən proqnozu isə 2025-ci ildə Google axtarış sistemində ən populyar şəxs olacaq şəxslə bağlı olub. O, müğənni D4vd-in ilin ən çox axtarılan şəxsi olacağını “təxmin edib”. Halbuki həmin anda Polymarket platformasında bu nəticənin baş vermə ehtimalı demək olar ki, sıfır hesab olunurdu.
Məlumata görə, Google əməkdaşının ümumi qazancı təxminən 1,2 milyon dollar təşkil edib.
İstintaq orqanları bildirir ki, Spanyolo gəlirlərinin mənbəyini gizlətmək üçün xüsusi addımlar atıb. Lakin italiyalı mühəndis ittihamları qəbul etmir. O, 2,25 milyon dollar girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Google şirkəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və araşdırma müddətində əməkdaşını işdən uzaqlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, 2026-cı ilin aprel ayında Nyu-Yorkda ABŞ hərbçisi də Polymarket-də Venesueladakı əməliyyatla bağlı insayder məlumatlardan istifadə edərək ticarət apardığı üçün saxlanılmışdı.
Bundan əvvəl isə Fransanın meteoroloji xidməti Paris hava limanındakı temperatur sensorlarının bilərəkdən dəyişdirildiyindən şübhələndiyini açıqlamışdı. İddialara görə, bəzi istifadəçilər temperatur göstəricilərindəki kəskin dəyişikliklərdən istifadə edərək Polymarket platformasında 20 min dollara qədər qazanc əldə etmişdilər.
