Apple şirkəti süni intellekt sistemləri üçün öz çiplərini istehsal etməyə hazırlaşır. Şirkət bu çipləri 2027-ci ilə qədər istifadəyə verməyi hədəfləyir.
"TrendForce" nəşri yazır ki, Apple "Broadcom" şirkəti ilə birlikdə "Baltra" kod adlı xüsusi çip üzərində işləyir. Bu strateji addım şirkətin "Apple Intelligence" xidmətlərini daha da inkişaf etdirmək məqsədi daşıyır.
Analitiklər hesab edir ki, bu layihədən ən çox faydalanan tərəflərdən biri "Foxconn" şirkəti olacaq. Belə ki, şirkət təkcə iPhone yığmaqla kifayətlənməyəcək, həm də Apple üçün süni intellekt serverlərinin əsas təchizatçısına çevriləcək.
"Baltra" çipləri ilə təchiz edilmiş serverlərin 2027-ci ildə işə salınması planlaşdırılır. Prosessorun hazırlanma prosesinin təxminən bir il ərzində yekunlaşacağı gözlənilir. "Wccftech"in məlumatına görə, yeni çiplərdə TSMC-nin 3 nanometrlik N3E texnologiyasından istifadə olunacaq.
Mühüm bir məqam odur ki, "Baltra" çipləri süni intellekt modellərinin "təlimi" (training) üçün deyil, onların "işlədilməsi" (inference) – yəni hazır modellərin sorğuları emal etməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Apple Siri səsli köməkçisində "Gemini" modelindən istifadə etmək üçün Google ilə razılaşma əldə etmişdi. Mürəkkəb tapşırıqların həllini öz üzərinə götürəcək bu xidmət üçün Apple-ın Google-a ildə təxminən 1 milyard dollar ödəyəcəyi bildirilir.
