Google şirkəti bu gün "Gemini 3 Flash" yeni, sürətli və sərfəli süni intellekt modelini təqdim edib. Ötən ay işıq üzü görən Gemini 3 bazasında hazırlanan bu yeni versiya artıq qlobal miqyasda Gemini tətbiqində və axtarış sistemindəki "AI mode" bölməsində standart (əsas) model kimi istifadəçilərə sunulur.
Yeni model sələfi olan "Gemini 2.5 Flash"dan əhəmiyyətli dərəcədə güclüdür. Test nəticələrinə görə, o, bəzi göstəricilərdə hətta "Gemini 3 Pro" və OpenAI-ın yeni "GPT-5.2" modeli ilə başabaş rəqabət apara bilir. Məsələn, mürəkkəb mühakimə və analiz tələb edən "MMMU-Pro" testində 81.2% nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.
İstifadəçilər üçün imkanlar Şirkət bildirir ki, "Gemini 3 Flash" istifadəçinin niyyətini daha dəqiq anlayır və multimodal məzmunu (video, səs, şəkil) daha yaxşı analiz edir. Məsələn, istifadəçilər video yükləyərək ondan məsləhət ala, əl ilə çəkilmiş sadə eskizin nə olduğunu soruşa və ya səs yazısını təhlil etdirə bilərlər. Bundan əlavə, yeni model vasitəsilə sadə mobil tətbiq prototipləri yaratmaq da mümkündür.
Biznes və tərtibatçılar üçün Artıq "JetBrains", "Figma" və "Cursor" kimi şirkətlər bu modeldən istifadəyə başlayıb. Qiymət baxımından əvvəlki Flash versiyasından cüzi baha olsa da (1 milyon giriş tokeni üçün 0.50 dollar), Google iddia edir ki, bu model "Gemini 2.5 Pro"dan daha güclü və 3 dəfə daha sürətlidir. Düşünmə tələb edən tapşırıqlarda daha az token sərf etdiyi üçün yekunda daha qənaətcil hesab olunur.
Bu addım Google-un OpenAI ilə şiddətli rəqabətinin davamıdır. Xatırladaq ki, bu yaxınlarda OpenAI trafiki azaldığı üçün daxili "həyəcan siqnalı" vermiş və dərhal sonra GPT-5.2 modelini bazara çıxarmışdı.
