Az | EN

Argentina Prezidenti kriptodələduzluqda ittiham olunur

Nigar Sultanli
18 Fevral 2025 15:05
87 baxış
Argentina Prezidenti kriptodələduzluqda ittiham olunur

Argentina Prezidenti Xavyer Milei $LIBRA adlı kriptovalyutanın dəyərinin kəskin düşməsindən sonra dələduzluq ittihamları ilə üzləşib. Ölkənin əsas müxalifət partiyası Mileiyə qarşı məhkəmə işi açmaq niyyətində olduqlarını və rəsmi araşdırma başlatdıqlarını bildirib.

Prezident Milei X sosial media platformasında $LIBRA kriptovalyutasının təqdimatını etmiş və onun kiçik və orta bizneslərə (KOB) dəstək olmaq məqsədilə istifadəyə veriləcəyini açıqlamışdı. Lakin paylaşımında kriptovalyutanın alınması üçün link yerləşdirildikdən sonra, $LIBRA-nın dəyəri sürətlə artaraq 4,5 milyard dollar bazar dəyərinə çatıb.

Buna baxmayaraq, Milei bir neçə saat sonra paylaşımını silib və bundan dərhal sonra $LIBRA-nın dəyəri kəskin enərək 95% itki verib. Milyardlarla dolların buxarlanması nəticəsində prezidentə qarşı "rug pull" (süni qiymət şişirdərək investorlardan pul toplayıb qaçmaq) ittihamları irəli sürülüb.

Milei isə müxalifətin ittihamlarına cavab olaraq bunların yalnız spekulyasiya olduğunu və hökumətə bağlı tənzimləyici qurumların məsələni araşdıracağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az