Az | EN

ARM Amazon-un süni intellekt çip mütəxəssisini komandası­na transfer edib

Nigar Sultanli
19 Avqust 2025 14:37
224 baxış
ARM Amazon-un süni intellekt çip mütəxəssisini komandası­na transfer edib

Uzun illərdir mobil telefonlardan tutmuş saysız texnologiyalara qədər milyardlarla çipin əsasını təmin edən ARM, yalnız çip arxitekturası dizayn edib lisenziyalaşdırmaqla kifayətlənməyəcək, həm də süni intellekt (Sİ) və məlumat mərkəzləri üçün öz çiplərini istehsal etməyə hazırlaşır. Bu məqsədlə ARM, Amazon-un süni intellekt çiplərinin aparıcı mühəndisi Rami Sinnonu komandaya cəlb edib.

Rami Sinno, Amazon-un məşhur Trainium və Inferentia çiplərinin yaradılmasında əsas fiqur olub. Bu çiplər böyük süni intellekt modellərini işlətmək üçün hazırlanıb və Nvidia-nın baha qiymətli GPU-larına daha sərfəli alternativ kimi tanınıb. Onun təcrübəsi ARM-a öz çiplərini inkişaf etdirməkdə böyük üstünlük qazandıracaq.

İndiyədək ARM yalnız çip arxitekturası dizayn edir və onu digər şirkətlərə lisenziya verirdi. İndi isə şirkət strategiyasını dəyişərək birbaşa prosessor istehsalçısına çevrilir. Bu addım ARM-ı artıq yalnız texnologiya təminatçısı yox, həm də Intel, AMD və Nvidia kimi nəhənglərlə rəqib edir.

Rami Sinno ARM-ın ilk böyük transferi deyil. Şirkət daha əvvəl Hewlett Packard Enterprise-dan sistem dizaynçısı Nicolas Dubeni, həmçinin Intel və Qualcomm-da yüksək vəzifələrdə işləmiş Steve Halteri heyətinə qatıb. Bu isə ARM-ın bu sahədə nə qədər iddialı olduğunu göstərir.

SoftBank-ın dəstəyi ilə ARM artıq yalnız smartfonlarda deyil, həm də süni intellekt və məlumat mərkəzləri bazarında güclü oyunçuya çevrilməyi hədəfləyir. Şirkətin son addımları onun yaxın illərdə bu sahədə ciddi rəqib olacağından xəbər verir.

© copyright 2022 | tech.az | info@tech.az