Yaponiyada "Dirçəlişə doğru yol" partiyası, yeni rəhbərinin süni intellekt olacağını açıqlayıb. Bu qeyri-adi qərar, partiyanın keçmiş lideri, Akitakata şəhərinin sabiq meri Şindzi İşimarunun son seçkilərdəki uğursuzluğundan sonra verilib. İşimaru, partiya heç bir yer qazana bilmədiyi üçün liderlikdən istefa edib.
Partiya daxili seçkilərdə qalib gələn 25 yaşlı Koki Okumura süni intellektin "sağ əli" olacağını bildirib. O, hazırda İT sahəsində magistr təhsili alır və rəsmi olaraq partiyanın lideri olsa da, əsl idarəetmə funksiyalarını süni intellektə həvalə edəcək.
Süni intellekt liderin əsas vəzifəsi partiya daxilində maliyyə və digər resursların ədalətli bölgüsünü həyata keçirmək olacaq. Lakin o, partiya üzvlərinin siyasi mövqelərinə və proqramlarına qarışmayacaq. Bu, partiyanın qurulduğu gündən bəri mənimsədiyi prinsipin davamıdır. Belə ki, partiyanın əvvəldən sabit bir siyasi platforması yox idi və hər bir üzv öz proqramını sərbəst şəkildə müəyyən edə bilirdi.
Bu addım, Yaponiyada süni intellektin cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyasının artdığının bir göstəricisidir və "Dirçəlişə doğru yol" partiyası öz qeyri-ənənəvi yanaşması ilə diqqət mərkəzindədir.