Rusiyanın ən böyük aviabilet axtarış platforması olan Aviasales-in sahibləri biznesin satışı imkanlarını nəzərdən keçirirlər. Bu barədə “Kommersant” nəşrinə investisiya dairələrindəki iki mənbə məlumat verib.
Məlumata görə, şirkətin dəyəri 23 milyard rubldan çox, yəni təxminən 300 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bununla belə, “Aviasales”in mətbuat xidməti şirkətin satışı ilə bağlı hər hansı danışıqlar aparılmadığını və satışa hazırlıq görülmədiyini bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, hazırda konkret potensial alıcılarla danışıqlar mövcud deyil.
Nəşrin digər həmsöhbəti isə əsas paylara sahib olan investisiya fondlarının maraqlı tərəflərdən təkliflər toplaya biləcəyini istisna etməyib, lakin biznesin ucuz qiymətə satılmayacağını vurğulayıb.
İnvestisiya bankiri İlya Şumov şirkətin dəyərini ən azı 300 milyon ABŞ dolları (təxminən 23,16 milyard rubl) səviyyəsində qiymətləndirir. Onun sözlərinə görə, servisin əhəmiyyətli hissəsinin xaricdə yerləşməsi obyektiv qiymətləndirməni çətinləşdirir. Mənbələr həmçinin mürəkkəb mülkiyyət strukturu, Rusiyadan kənarda aktivlərin mövcudluğu və yüksək qiymətin satış prosesində maneə yarada biləcəyini qeyd edirlər.
Ekspertlərin fikrincə, alıcı qismində iri banklar çıxış edə bilər. Son illər müştərilərin əhəmiyyətli hissəsi maliyyə qurumlarının ekosistemlərinə yönəlir. Daha əvvəl Alfa-Bank-ın “Tutu.ru” aqreqatorunu almaqla bağlı danışıqlar apardığı barədə məlumat yayılsa da, bank bu xəbərləri təkzib etmişdi.
