Az | EN

Avropa İttifaqı “Apple” və “Meta”ya qarşı sərt sanksiyalar tətbiq edib

Nigar Sultanli
23 Aprel 2025 16:13
144 baxış
Avropa İttifaqı “Apple” və “Meta”ya qarşı sərt sanksiyalar tətbiq edib

Avropa İttifaqının qərarına əsasən, Apple şirkəti 500 milyon avro (təxminən 570 milyon ABŞ dolları), Meta isə 200 milyon avro (təxminən 228 milyon ABŞ dolları) cərimələnib. Bu qərarlar, Aİ-nin “Rəqəmsal Bazarlar Aktı” (DMA) qanunları çərçivəsində verdiyi ilk ciddi sanksiyalar hesab olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, Apple öz tətbiq mağazasında texniki və kommersiya məhdudiyyətləri tətbiq edir. Bu məhdudiyyətlər istifadəçilərin mağazadan kənarda olan daha sərfəli tətbiqləri tapmasına və istifadə etməsinə mane olur. Bu isə kiçik və orta sahibkarlıqla məşğul olan tətbiq hazırlayıcıları üçün bazara çıxışı çətinləşdirir. Apple isə bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini bildirib. Şirkət əlavə edib ki, bu qərar istifadəçilərin təhlükəsizliyinə və gizliliyinə mənfi təsir edə bilər və Apple-ı texnologiyasını paylaşmağa məcbur edir.

Meta şirkəti də Aİ-nin qərarını tənqid edib. Onlar bildiriblər ki, Avropa İttifaqı xüsusilə Amerika texnologiya şirkətlərinə qarşı ədalətsiz yanaşır və Avropa və Çin şirkətlərinə fərqli qaydalar tətbiq olunur. Meta-nın cərimələnməsinin əsas səbəbi isə 2023-cü ilin noyabrında tətbiq etdiyi “ödə və ya razı ol” adlı modeldir. Bu modelə əsasən, istifadəçilər ya pulsuz və reklamlı versiyadan istifadə edə bilər, ya da izlənmədən imtina etmək üçün ödənişli abunə seçməli idilər. Aİ isə bu modeli DMA qanunlarına zidd hesab edib və istifadəçilərin seçim azadlığını məhdudlaşdırdığını bildirib.

Hər iki şirkətə iki ay vaxt verilib ki, DMA qanunlarına uyğun dəyişikliklər etsinlər. Əks halda onlar gündəlik cərimələrlə üzləşə bilərlər.

Qeyd edək ki, Apple başqa bir araşdırma çərçivəsində iPhone istifadəçilərinin digər brauzerlər və axtarış sistemlərini daha rahat seçə bilməsi üçün bəzi dəyişikliklər etdiyi üçün həmin halda cərimədən yayınmağı bacarıb. Amma yenə də alternativ tətbiq mağazalarının istifadəsini çətinləşdirən şərtlərə görə qaydaları pozmaqda günahlandırılır.

Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Teresa Ribera bildirib ki, qəbul edilən bu qərarlar aydın və ədalətli qaydalara əsaslanır. O vurğulayıb ki, Aİ-də fəaliyyət göstərən bütün şirkətlər bu qaydalara riayət etməlidirlər.

Ümumilikdə, bu sanksiyalar texnologiya sahəsində böyük şirkətlərin bazar gücünü məhdudlaşdırmaq və daha şəffaf rəqabət mühiti yaratmaq üçün Avropa İttifaqının atdığı ciddi addımlar kimi qiymətləndirilir. Bu qərarlar digər texnologiya şirkətləri üçün də xəbərdarlıq xarakteri daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az