Azərbaycan Hava Yolları (AZAL) kiber təhlükəsizlik sahəsində yeni təcrübə proqramına start verdiyini elan edib. Şirkətdən verilən məlumata görə, proqram “Offensive Security” və “Penetration Testing” istiqamətində karyera qurmaq istəyən tələbə və məzunlar üçün nəzərdə tutulub.
6 ay davam edəcək və ödənişli əsasda təşkil olunan proqram çərçivəsində iştirakçılar veb tətbiqlərin və şəbəkələrin test edilməsi, OSINT araşdırmaları və Linux mühitində praktiki biliklər əldə edəcəklər. Təcrübə yarımştat və ya tam ştat qrafiki ilə keçiriləcək.
Namizədlərdən informasiya təhlükəsizliyi üzrə baza biliklər, Linux və Nmap, Burp Suite kimi alətlərlə ilkin tanışlıq, ən azı B2 səviyyəsində ingilis dili və Python və ya Bash üzrə skript yazmaq bacarığı tələb olunur.
Qeyd edək ki, proqram iştirakçılara real mühitdə təhlükəsizlik testləri aparmaq və peşəkar komandadan öyrənmək imkanı yaradacaq. Müraciət etmək istəyənlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
