Az | EN

Netflix TikTok stilində vertikal video paylaşımlarına başlayır

Cəmil Hüseynzadə
17 Aprel 2026 22:03
53 baxış
Netflix TikTok stilində vertikal video paylaşımlarına başlayır

Netflix bu ay tətbiqlərində TikTok-a bənzər şaquli video lentini istifadəyə verəcəyini açıqlayıb. Şirkət eyni zamanda süni intellektdən həm kontent yaradılması, həm də tövsiyə sistemlərinin təkmilləşdirilməsi üçün geniş şəkildə istifadə etməyi planlaşdırır.

Yeni qısa video funksiyası istifadəçilərə video podkastları, filmləri və serialları daha asan kəşf etməyə kömək edəcək. Şirkət artıq ötən ildən bu funksiyanı test edirdi və daha əvvəl ChatGPT əsaslı axtarış sistemini də istifadəyə vermişdi.

Netflix-in həmsədri Gregory Peters bildirib ki, şirkət uzun illərdir fərdiləşdirmə üzərində çalışsa da, yeni texnologiyalar bu sahədə böyük inkişaf imkanı yaradır. Onun sözlərinə görə, yeni model əsaslı tövsiyə sistemləri istifadəçi təcrübəsini daha da yaxşılaşdıracaq.

Digər həmsədr Ted Sarandos isə qeyd edib ki, süni intellekt kontent istehsalını daha effektiv edəcək, lakin yaradıcılıqda insan faktorunu əvəz etməyəcək.

Şirkət bu istiqamətdə addım olaraq Ben Affleck-in süni intellekt əsaslı “InterPositive” şirkətini də satın alıb. Bu texnologiyanın xüsusilə film istehsalçıları üçün hazırlandığı və artıq yaradıcılar arasında maraq doğurduğu bildirilir.

Netflix həmçinin reklam sahəsində də AI-dan istifadəni genişləndirmək niyyətindədir və bu il 3 milyard dollar reklam gəliri əldə etməyi planlaşdırır.

2026-cı ilin ilk rübündə şirkətin gəliri 12.25 milyard dollara çatıb ki, bu da illik müqayisədə 16.2% artım deməkdir. Mənfəət isə 83% artaraq 5.28 milyard dollara yüksəlib. Şirkət həmçinin təsisçi Reed Hastings-in bu yay idarə heyətindən ayrılacağını açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az