Kaspi.kz şirkəti səhmdar strukturu ilə bağlı mühüm açıqlama verib. Bildirilib ki, Çin texnologiya nəhəngi Tencent, şirkətin həmtəsisçisi və rəhbəri Mixail Lomtadze, eləcə də rəhbər komandanın əsas üzvləri və uzunmüddətli investorlar Baring Fintech Venture Funds-dan təxminən 6 milyon ABŞ depozitar səhmini satın alıblar.
Mixail Lomtadze qeyd edib ki, Tencent-in səhmdarlar sırasına qoşulması şirkət üçün önəmli hadisədir. Onun sözlərinə görə, bu addım həm onun, həm də rəhbər komandanın Kaspi.kz-in biznes modelinə və uzunmüddətli inkişaf strategiyasına olan güclü inamını göstərir.
Bununla yanaşı, beynəlxalq fintex investisiya şirkəti Spice Expeditions və ABŞ universitet fondları — Washington University və University of Wisconsin Foundation (WISIMCO) da şirkətin uzunmüddətli səhmdarları sırasına qoşulub.
Qeyd edək ki, Kaspi.kz-in xidmətlərindən hazırda 25 milyondan çox müştəri və 900 mindən artıq tərəfdaş istifadə edir. Şirkət Qazaxıstanda super tətbiq modeli ilə ödənişlər, elektron ticarət və digər xidmətləri bir platformada təqdim edir və 2024-cü ildən Nasdaq birjasında ticarət olunur.
