“IGDA (International Game Developers Association)” - dünyanın ən böyük və nüfuzlu oyun tərtibatı təşkilatı Azərbaycan bölməsinin rəhbəri İlqar Əlirzayev haqqında xüsusi paylaşım edib. Bu paylaşım ölkəmizin oyun sənayesinin beynəlxalq arenada tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 1994-cü ildə təsis edilən “IGDA” assosiyasiyası qlobal oyun sənayesində aparıcı qeyri-kommersiya təşkilatı olaraq fəaliyyət göstərir. Təşkilat dünya miqyasında oyun tərtibatçılarının peşəkar inkişafını dəstəkləyir, onların hüquqlarını müdafiə edir və oyun sənayesinin inkişafına töhfə verir.
Təşkilatın rəsmi sosial media hesabında paylaşılan məlumatda İlqar Əlirzayevin son 4 il ərzində kart və masa oyunları, mobil, PC, web3 və "metaverse" layihələri üzərində çalışdığı vurğulanıb. Paylaşımda oyun dizayneri İlqar Əlirzayevin “IGDA”-nın dəstəyi ilə yerli oyun tərtibatçıları icmasının inkişafına və onların müxtəlif resurslarla təmin edilməsinə nail olduğunu qeyd edib.
“IGDA” kimi nüfuzlu təşkilatın Azərbaycanda olan nümayəndəliyinin fəaliyyətini vurğulaması Azərbaycanın qlobal oyun sənayesində artan rolunun və inkişafının göstəricisidir.